Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Voronejdə polisin azərbaycanlıların məclisinə basqınının pərdəarxası məqamları - ARAŞDIRMA
Polis basqınına bir neçə gün öncə azərbaycanlılarla ermənilər arasında dava səbəb olub.
Rusiyada azərbaycanlıların toplaşdığı kütləvi tədbirlərə basqınların təşkil olunması davam edir.
Sankt-Peterburqda azərbaycanlıların 500 nəfərlik toy məclisinə basqınından sonra bu dəfə analoji hadisə Voronej şəhərində baş verib. Şəhərin həmyerlilərimizə məxsus restoranlarından birində təşkil olunan doğum günü məclisinə Rusiya xüsusi təyinatlı polis dəstəsi “SOBR” və “Rosqvardiya” basqın edib. Məclis iştirakçılarının sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizə hərbi komissarlıqda qeydiyyata durmaq haqqında bildiriş verilib.
APA-nın məlumatına görə, həmyerlilərimizin məclisinə xüsusi təyinatlı polis basqının səbəbi 10 gün bundan öncə Voronejin başqa bir restoranında azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi dava olub. Belə ki, həmyerlilərimizə məxsus restoranda müğənni Şəbnəm Tovuzlunun “Qarabağ Azərbaycandır!” adlı mahnısının səslənməsi restoranda qonaq qismində iştirak edən ermənilərin etirazına səbəb olub. Bu zaman azərbaycanlılarla ermənilər arasında dava düşüb. 15-20 erməni azərbaycanlılara hücum edib. Soyuq və travmatik silahların tətbiq edildiyi dava nəticəsində ermənilərdən bir neçə nəfər xəsarət alıb və xəstəxanaya düşüb. Faktla bağlı cinayət işi açılıb və davada iştirak edən azərbaycanlılar axtarışa verilib.
Noyabrın 14-də isə Voronej sakini, Niyaz Zahidov adlı azərbaycanlı 45 yaşını qeyd edən zaman xüsusi təyinatlı polis dəstələri və “Rosqvardiya” ermənilərlə davada iştirak etmiş azərbaycanlıların axtarışı məqsədi ilə məclisə basqın edib. Lakin polis axtardığı azərbaycanlıları orada tapa bilməyib. Məclis üzvlərinin sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizin bir neçəsinə hərbi komissarlıqda qeydiyyata durmaq üçün bildiriş təqdim olunub.
Voronejdəki Azərbaycan diasporunun sədri Mehdi Mehdiyev bildirib ki, heç də yerli mətbuatın yazdığı kimi, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilməyib. Onun sözlərinə görə, Teleqram kanalları və yerli media bilərəkdən hadisəni şişirdir: “5 nəfərə yaxın azərbaycanlıya, hansı ki, yaxın vaxtlarda Rusiya vətəndaşlığını əldə ediblər, onlara hərbi komissarlıqda hərbi qeydiyyata durmaları tövsiyə olunub və bu barədə bildiriş verilib”.
Diaspor rəhbəri onu da qeyd edib ki, azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi davanı erməni diasporu milli zəmində münaqişə kimi təqdim etməyə cəhd edib. Moskvadan Rusiya Erməniləri İttifaqının vitse-prezidenti bu məqsədlə Voronejə gəlib. Lakin Azərbaycan diasporunun səyi nəticəsində məlum mübahisənin milli zəmində deyil, məişət zəminində baş verdiyinə region rəhbərliyini inandırmaq mümkün olub.
Mehdi Mehdiyev deyib ki, noyabrın 14-də azərbaycanlıların doğum günü məclisinə polis basqınının həyata keçirilməsinə kimi də Voronejdə məlum kütləvi davada iştirak edən həmyerlilərimizin axtarışları aparılıb. O, Peterburqdakı hadisədən fərqli olaraq, bu dəfə şimal qonşumuzun hüquq-mühafizə orqanlarının azərbaycanlılarla kobud rəftar etmədiyini vurğulayıb: “Heç kəsə qarşı zorakılıq, kobud rəftar edilmədi. Sakitcə sənədləri yoxladılar. Yeni vətəndaşlıq almış azərbaycanlılara Rusiya qanunlarına uyğun olaraq hərbi qeydiyyata durmaq tövsiyə olunub və üç gün müddətində hərbi komissarlıqda qeydiyyata durmaları haqqında bildiriş verilib”.
Diaspor rəhbəri əlavə edib ki, noyabrın 15-də Voronejin “Alekseyevski” adlanan bazarında polis “oblava” keçirib: “Bazarda təkcə azərbaycanlılar deyil, digər ölkələrdən olan miqrantlar da çalışır. Miqrantlardan sənədləri düzgün olmayanlar şöbəyə aparılıb. Sənədləri qaydasında olmayan miqrantlar ölkədən deportasiya olunacaqlar”.
Mehdi Mehdiyev baş verənlərin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq istəyənlərin işi olduğunu söyləyib. Voronejdə Azərbaycan icmasının 30 ildən çoxdur fəaliyyət göstərdiyi vurğulayan diaspor rəhbəri bildirib ki, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün çoxlu işlər görülür.
“Voronejdə yaşayan azərbaycanlılar şəhərin və vilayətin ictimai həyatına inteqrasiya olunub və bu, region rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”, - Mehdiyev fikrini yekunlaşdırıb.
"Qarabağ" teqi üzrə xəbərlər
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
Rəylər