"Beynəlxalq birliyin Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək göstərməməsi təəssüf doğurur".
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Böyük Britaniyanın "Piki Reels" səyyah klubunun rəhbəri İv Buvi məlumat verib.
İ.Buvinin sözlərinə görə, bu onun Azərbaycana üçüncü səfəridir və bu səfər zamanı o, Qarabağ regionunda aparılan tikinti işlərinin effektiv nəticələrini öz gözləri ilə görə bilib.
"İlk səfərimlə müqayisədə Qarabağda əldə edilən irəliləyişdən heyrətləndim. Xüsusilə, bu qısa müddətdə aparılan tikinti işləri müsbət təsir bağışlayır", - deyə o qeyd edib.
Klub rəhbəri əlavə edib ki, üçüncü dəfədir minatəmizləmə prosesində iştirak edir:
"Azərbaycan ərazilərin minalardan təmizlənməsi üçün böyük səylər göstərir. Bilirəm ki, bu çətin məsələdir. Bu gün bizə dedilər ki, ermənilər burada təxminən bir milyon yarım mina basdırıblar və mən bu rəqəmlərdən, həqiqətən, şoka düşdüm".
Rəylər