"WhatsApp"ın beta versiyasına naməlum həmsöhbətlərdən qorunmaq üçün ləqəblərin qurulması və PIN-kodun təyin edilməsi funksiyası əlavə edilib ki, bu da istifadəçilərin məxfilik və təhlükəsizlik səviyyəsini artırır.
Oxu.Az bu barədə "WABetaInfo" portalına istinadən xəbər verir.
Ləqəb yeniliyi "WhatsApp"ın "Android" üçün beta versiyasında 2.23.11.15 nömrəsi altında müşahidə edilib. Bu versiyanın istifadəçiləri öz şəxsi nömrələrini naməlum həmsöhbətlərdən gizlətməyə imkan verəcək istifadəçi adı təyin edə bilərlər. Eyni zamanda, ləqəbi və ya nömrəsini bilən istifadəçilər müvafiq parametrdən istifadə edərək hesabı tapa biləcəklər.
Köhnə kontaktlar hələ də telefon nömrəsini, yeni kontaktlar isə standart olaraq yalnız istifadəçi adını görəcəklər.
Bundan əlavə, "Android" üçün "WhatsApp"ın 2.24.18.2 nömrəli beta versiyasında naməlum istifadəçilərdən gələn mesajları PIN-koddan istifadə edərək bloklayan qeyri-adi funksiya aşkar edilib. İstifadəçilər arzuolunmaz mesajları məhdudlaşdırmağa kömək edəcək ən azı dördrəqəmli kod seçə biləcəklər. Belə ki, istifadəçiyə ilk dəfə yazmaq üçün parol daxil etmək lazım olacaq. Köhnə çatlar PIN-kod tələb etməyəcək.
Rəylər