Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını artırıb.
Oxu.Az-ın məlumatına görə, bu, "Zirə"nin ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin "Omoniya" kollektivini məğlub etməsi (1:0) sayəsində mümkün olub.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "qartallar" doğma meydandakı qələbə sayəsində ölkə reytinqinə 0.250 əmsal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür). Çempionlar Liqasında "Dinamo"ya uduzan (0:2) "Qarabağ" bu həftə əmsallar cədvəlinə töhfə verə bilməyib.
Hazırda 26-cı sırada yer alan Azərbaycanın əmsalı 19.125-ə çatıb. Cari mövsümdə ölkəmizin qazancı 2.375 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.250 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" 0.125 xal töhfə verib.
25-ci pillədəki Kiprin 19.725, 27-ci yerdəki Bolqarıstanın 18.875 əmsalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.303) başçılıq edir.
Rəylər