Azərbaycan ötən həftə ilə müqayisədə UEFA əmsallar cədvəlində geriləyib.
Oxu.Az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin ilk oyunlarından sonra baş verib.
Hazırda 24-cü sırada yer alan ölkəmizin əmsalı 18.500-ə çatıb.
Bu həftə əvvəlcə "Qarabağ" Çempionlar Liqasında Bakıda Bolqarıstanın "Ludoqorets" komandasına uduzub - 1:2. Dünən isə "Sabah" UEFA Konfrans Liqasında İrlandiyada "Sent Patriks Atletik"ə məğlub olub (0:1). Yalnız "Zirə" Xorvatiyada "Osiyek"lə heç-heçə edib - 1:1. Bu bərabərlik Azərbaycanın aktivinə 0.125 xal (bu mərhələdə heç-heçəyə görə verilən 0.5 xal komandaların sayına (4) bölünüb) qazandırıb.
Bizi ötərək 23-cü pilləyə yüksələn Slovakiyanın 18.750 xalı var. Cədvəldə bizdən sonra qərarlaşan İsveç və Bolqarıstan Rusiyanı üstələyərək xal ehtiyatlarını 18.375-ə çatdırıblar. Şimal qonşularımızı daha bir ölkə arxada qoyub - Kiprin 18.350 xalı var.
Ümumilikdə 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.
Rəylər