Azərbaycan ötən həftə ilə müqayisədə UEFA əmsallar cədvəlində iki pillə geriləyib.
Oxu.Az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra baş verib.
Bu həftə "Qarabağ" Çempionlar Liqasında Bolqarıstanda əlavə vaxtda (əsas vaxt 3:2) "Ludoqorets"ə qalib gəlib - 7:2. "Sabah" UEFA Konfrans Liqasında Bakıda "Sent Patriks Atletik"ə məğlub olub (0:1), "Zirə" isə "Osiyek"lə heç-heçə edib - 2:2.
Beləliklə, "Qarabağ"ın qələbəsi Azərbaycanın aktivinə 0.250 xal, "Zirə"nin heç-heçəsi isə 0.125 xal qazandırıb (bu mərhələdə qələbə bir xalla, heç-heçə isə yarım xalla dəyərləndirilir və xallar ölkənin avrokuboklarda klublarının sayına (4) bölünür. Bundan sonra son beş mövsümdə xallarının sayı 18.875-ə çatan ölkəmiz 26-cı sırada yer alıb - ölkə reytinqi üçün "Zirə" 1.000 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" 0.125 xal töhfə veriblər (mövsümdə qazancımız 2.125 xal olub).
Bu həftə bizi İsveç və Kipr qabaqlayıblar - bir pillə öndəki ada dövlətin aktivində 18.975 xal var, ən yaxın təqibçimiz Bolqarıstan isə 18.375 xal toplayıb.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160 xal) başçılıq edir.
Rəylər