"Formula-1" üzrə dünya çempionatının milli mərhələsinə 100 gündən bir az çox qalır.
Oxu.Az xəbər verir ki, mərhələnin təşkilatçısı Bakı Şəhər Halqası (BŞH) yarışa hazırlıq çərçivəsində bu dəfə məktəblilər üçün paddok turları təşkil edib. Paddok - "Formula-1" yarışı zamanı iştirakçıların, təşkilatçıların, inzibatçıların, eləcə də seçilmiş qonaqların bir araya gəldikləri xüsusi zonadır. Yarış həftəsonunun əsas hadisələri (start, finiş, podium, təkər dəyişməsi, təmir və s.) məhz bu ərazidə cərəyan edir. Şagirdlər bu gün paddokda məşhur avtoidman yarışına hazırlıq prosesi, pilotların mübarizə qaydaları ilə tanış olublar.
Gənclər "kral yarışları"nın təşkilində mühüm rol oynayan Yarış İdarəetmə Mərkəzi ilə tanış olub, qaraj (pit) yolunda gəzmək imkanı əldə ediblər. Burada onlar yarış rəsmilərinin hazırlığı və qaydalara nəzarətin ciddi həyata keçirildiyi məkanları əyani surətdə görməklə yanaşı, prosesin necə icra edildiyini peşəkarlardan dinləyiblər.
Tur iştirakçıları komandaların yarış avtomobillərini hazırlıq vəziyyətinə gətirdiyi qarajlara baxış keçiriblər. Daha sonra məktəblilər üçün xüsusi hazırlanmış "Formula-1" bolidinin maketi üzərində bolidin dizaynı nümayiş olunub, onun konstruksiyası barədə məlumat verilib.
Qeyd edək ki, yaxın zamanlarda bu turlar ictimaiyyətə tam açıq olacaq və bu barədə ətraflı məlumat təqdim ediləcək.
Daha çox şəkil burada: PhotoStock.az
Rəylər