"Biz milli komandada çıxış edən legioner futbolçudan rüsum almırıq. Son 12 ayda öz milli komandasında çıxış edən istənilən legioner artıq rahat şəkildə gəlib oynaya bilər. Bu da klublara əlavə bir motivasiya verir ki, həmin futbolçu üçün rüsum ödəmirlər. Amma milli komanda üzvü olmayan legionerlərdən ödəniş alırıq".
Bunu bu gün 16 yaşını qeyd edən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Oxu.Az-a müsahibəsində bildirib. Həmin müsahibəni təqdim edirik.
- Elgiz bəy, ilk olaraq sizi PFL-in ad günü münasibəti ilə təbrik edirəm!
- Çox sağ olun! Mən də bu gün bizimlə birlikdə xüsusi günlərini qeyd edən idman jurnalistlərini və polis orqanlarında çalışanları təbrik edirəm!
- PFL-in 16 il ərzində ərsəyə gətirdiyi işlərə nəzər yetirmək istəyərdim. Geridə qalan illər ərzində hansı işlər görülüb?
- İllər çox sürətli gedir. Mən artıq 10 ildir ki, Peşəkar Futbol Liqasında çalışıram. Bura hər zaman böyük ailə dəyərlərinə sadiq qalan qurum olub. Təsadüfi deyil ki, PFL-in yaranmasından, yəni 2008-ci il iyulun 2-dən bu günə qədər çalışan əməkdaşlarımız var. Onların sayı bir deyil, bir neçə nəfərdir. Bu da onu göstərir ki, burada, həqiqətən, bir ailə mühiti formalaşdıra bilmişik. Sadəcə, layihə və ya iş yeri kimi baxmamışıq. Məhz buna görə də PFL-in adı gələndə hər zaman futbol ictimaiyyəti, idman jurnalistləri onun qarşısına böyük hərflərlə "AİLƏ" yazırlar.
PFL-in sabiq prezidenti Ramin Musayev bu gün burada olmasa da, onun xidmətləri ilə bağlı məsələləri deməliyik. Həqiqətən də, PFL-in formalaşmasında, ərsəyə gəlməsində və inkişafında xidmətləri böyük olub. Eyni zamanda, qurumun hazırkı prezidenti Elxan Səmədovun da son iki ildə gördüyü işlər və fəaliyyət, fikrimcə, göz önündədir. Çünki biz, bu ailənin tərkib hissəsi olaraq bunu hiss etmişik. Həm əməkdaşlar, həm klublar bunu hiss ediblər.
PFL-in böyüməsi, şaxələnməsi, beynəlxalq əlaqələrin yaradılması məsələlərində də bunu real görmüşük. 16 il qısa müddət deyil. Əgər biz bu günü qeyd ediriksə, deməli, müəyyən nailiyyətləri əldə edə bilmişik. Əlbəttə, problemlər var. Bizim özümüzü, sadəcə, müsbət məqamlarla tanıtmaq kimi fikrimiz yoxdur. Əgər iş varsa, bir dinamika varsa, burada yaxşı işlərlə yanaşı, təbii ki, problemlər də, mənfi məqamlar da mövcuddur. Biz həmin bu mənfi məqamları və problemləri görürük, bunun həlli üçün çalışırıq.
Düşünürəm ki, bu işləri görüb yan keçsək, təslim olsaq, növbəti addımları ata bilmərik. İrəli getmək üçün bütün problemlərin üzərinə getməli və həll etmək üçün çalışmalıyıq. Ümumi götürsək, həqiqətən də, 16 mövsümdür ki, Azərbaycanda peşəkar statuslu yarışlara rəhbərlik edirik. Onların yaxşı səviyyədə keçirilməsi üçün çalışırıq. Yəni yaxşılar, onsuz da, bizimdir. Buna görə də mənfilərə köklənirik ki, aradan qaldıraq və daha da böyüyək. Hazırda PFL-də bu mühit var. Biz klublarla kommunikasiyanı çox yaxşı səviyyəyə çatdırmışıq. Eyni zamanda, futbolla birbaşa və dolayı yolla əlaqəsi olan dövlət qurumları ilə əməkdaşlıqları yaxşı səviyyəyə gətirib çıxarmışıq. İdman jurnalistlərini hər zaman diqqətdə saxlayırıq. Azarkeşlərlə işbirliyimizin yaxşı səviyyədə olduğunu düşünürük. Həmçinin, beynəlxalq əlaqələrimiz də mövcuddur. PFL 2013-cü ildən Avropa Peşəkar Liqalarının birbaşa və tamhüquqlu üzvüdür. Çalışırıq ki, futbol ətrafında cəmləşən klubları və qurumları hər zaman əhatə etmiş olaq, növbəti addımları da onlarla birlikdə ataq.
- Hazırda Azərbaycan futbolunda nələr çatışmır?
- Azərbaycan futbolunda çatışmayan şey əksəriyyətin tez nəticəyə köklənməsidir. Amma bundan öncə sıfırdan formalaşdırmalı olduğumuz məqamlar var. Xüsusən, infrastrukturu çox yaxşı səviyyəyə gətirməliyik.
Bildiyiniz kimi, keçən il AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, İkinci Liqa təsis olundu və bu liqanın işi, ona rəhbərlik edilməsi Peşəkar Futbol Liqasına həvalə olundu. Bu zaman infrastruktur problemləri daha çılpaq görünməyə başladı. Yəni stadionlarımız daha yararlı olarsa, biz də daha yaxşı oyunlar keçirməyə müvəffəq olarıq.
Mən özüm 2008-ci ildən futboldayam, 2014-cü ildən isə PFL-də. İllərin müqayisəsini aparsaq, əvvəllər daha çox infrastruktur problemimiz var idi. Bəzən klublar və komandalar məşq etmək üçün stadion tapa bilmirdilər. Bəzən bir stadiondan üç-dörd komanda istifadə edirdi. Bu gün isə sevindirici haldır ki, "Qəbələ" futbol klubunun çox gözəl bazası var. "Turan Tovuz" futbol akademiyası fəaliyyət göstərir. Gəncədə müasir standartlara cavab verən akademiya artıq fəaliyyətə başlayıb. Paytaxtda yerləşən bütün klublarımızın, demək olar ki, infrastruktur və stadion məsələləri öz həllini tapıb. Hazırda bizim Premyer Liqada "Araz-Naxçıvan" və "Kəpəz" klublarının stadion problemləri qalmaqdadır. Ümid edirik ki, bu problemlər də ən qısa zamanda aradan qalxacaq.
İnfrastruktur məsələləri ön plana çəkilərkən biz, sadəcə, Premyer Liqanı nəzər almamalıyıq. Bundan əlavə, Birinci və İkinci liqalar da var. Təəssüflər olsun ki, həm Birinci, həm də İkinci Liqada bu infrastruktur məsələlərini aydınlıqla görə bilirik. Düzdür, müsbət məqamlar var, amma onlar barmaqla sayılacaq qədərdir. Yəni sizin sualınızın cavabını ümumiləşdirsək, xüsusən infrastruktur məsələlərini deyə bilərəm.
- Gələcək üçün hansı yeniliklər nəzərdə tutmusunuz?
- Futbol yeniliklərə açıq idman növüdür. İstər oyun qaydaları, istərsə də yarış infrastrukturu ilə bağlı beynəlxalq miqyaslı yarışlarda da formatlar tez-tez dəyişir. Təbii ki, biz də PFL olaraq bununla ayaqlaşırıq. Yeni məqamların tətbiqi ilə bağlı addımlar atırıq.
Bildiyiniz kimi, iyulun 16-da yeni mövsümün püşkatma mərasimi keçiriləcək. İki avqustda növbəti mövsümə start veriləcək. O dövrə qədər biz artıq yenilənmiş əsasnaməni tərtib və təsdiq etmiş olacağıq. Daha sonra klublara və ictimaiyyətə təqdim edəcəyik. Burada bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub. Hazırda onlar üzərində işlər gedir. Ona görə də indi bu mövzu ilə bağlı danışmağa çalışsaq, tam olaraq detalları əldə edə bilmərik. Bu səbəbdən də iyulun 16-da təsdiqlənmiş yeni əsasnamə haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək. Amma onu deyim ki, builki əsas yeniliklərdən biri toplarla bağlıdır. Yeni mövsümdə Premyer Liqa oyunları hazırda Avropa çempionatında istifadə olunan toplarla keçiriləcək.
- Xarici ölkələrlə müqayisədə Azərbaycanda stadionların azarkeşlərlə tam dolduğunu nadir hallarda, əsasən də, klublarımız avrokuboklarda oynayarkən görürük. Azarkeşləri stadionlara cəlb etmək üçün hansısa mexanizm düşünülürmü?
- İllər fərqlidir. Elə olub ki, Azərbaycanda stadionlar indiki ilə müqayisədə daha çox dolurdu. Burada da bölgə klublarının çoxluğunu əsas vasitələrdən biri kimi göstərə bilərik. Biz bununla bağlı klublarla daim işbirliyindəyik. Artıq komandalarda azarkeşlərlə daimi işləyən mütəxəssislər var və biz onlarla hər zaman əlaqədəyik. Ümumilikdə, əvvəlki illərlə müqayisə etsək, 2023/24 mövsümündə azarkeş sayında kifayət qədər artımın olduğunu görə bilərik.
Ev oyunlarına ən çox azarkeş gələn komanda "Turan Tovuz" klubudur. İllik statistika da bunu göstərir. Bilirsiniz ki, Tovuz Azərbaycan futbolunun beşiklərindən biri hesab olunur. Burada hər zaman futbol ənənələri olub. Həm akademiya, həm də Premyer Liqa baxımından azarkeş sayı çox olur. Amma biz bunu, sadəcə, bölgəyə istiqamətləndirməməliyik. Misal üçün, Azərbaycanda bu il azarkeş rekordu "Sumqayıt" klubuna məxsus oldu. Ondan öncəki dönəmlərdə "Sabah" - "Qarabağ" görüşünü 11 min tamaşaçı stadiondan izləmişdi. Ötən mövsüm mübarizə son anadək getdi və bu mübarizənin nəticəsində azarkeşlərin çempionata marağı birə-beş artdı.
- PFL-in dəstəyi ilə Azərbaycanda aşağı liqalar yaradıldı və komandalara fürsət verildi. Təşəbbüs özünü doğruldurmu? Gələcəkdə aşağı liqalarda olan komandalar üçün daha nələr nəzərdə tutulub?
- Ümumilikdə bizim hər zaman çalışdığımız məqamlardan biri çox sayda liqanın keçirilməsidir. Sevindirici haldır ki, bu istiqamətdə addım atıldı və biz bunu reallaşdırdıq. Yeni liqaların yaradılması Azərbaycan Kubokunda çıxış edən komandaların sayına da təsir göstərdi. Əvvəlki illərdə maksimum 20 komandalı Azərbaycan Kuboku təşkil edirdiksə, indi bu say 34-ə yüksəlib. Bu da Peşəkar Futbol Liqası tarixində rekord sayda göstəricidir.
Yeni liqanın yaradılmasının müsbət və mənfi tərəflərini görmək üçün bizə zaman lazım idi. Biz bunu hər zaman demişik ki, İkinci Liqa Peşəkar Futbol Liqası üçün bir test xarakterli turnir idi. Hətta püşkatma zamanı da Aslan bəy bildirmişdi ki, "burada bir butsılı futbolçu da görə bilərsiniz, bir əlcəkli qapıçı da". Çox sevindirici haldır ki, bu hadisələrlə rastlaşmadıq. Biz bütün klublarla görüşdük və onlara rəsmi futbol düşüncəsini aşıladıq. Həm Birinci, həm də İkinci liqa Azərbaycanda futbol xəritəsini çox genişləndirdi. Artıq Şəkidən Bakıya qədər təmsilçilərimiz var. Bütün klublara dövlət dəstəyi var. Bunu İkinci Liqa klubları da hiss edirlər. Biz ötən mövsüm bu sınaqdan klublarla birlikdə əl-ələ verərək üzüağ çıxdıq. Amma bəzi problemləri də görmüş olduq. Onların həll olunmasının vacibliyini özümüz də dərk etdik. Bəzi məqamlara yerində müdaxilə edə bildik, bəzilərini bir-iki ay ərzində həll etdik. Qalan məsələləri isə bu mövsümə saxladıq.
Mənə elə gəlir ki, klublar da artıq müəyyən təcrübə topladılar. Ümid edirəm ki, İkinci Liqa yeni mövsümdə daha maraqlı və daha intriqalı olacaq. Artıq rahatlıqla deyə bilərik ki, bizim aşağı liqada mübarizə aparan 14 komandamız və 14 stadionumuz var. İkinci Liqanın gələcəkdə həm futbolçu bazası, həm məşqçi və işçi bazası baxımından nə qədər faydalı olduğunu görə biləcəyik. Hətta bunlarla bağlı yeni layihələrimiz var. Gələn mövsümdə düşünürük ki, təhsil-təcrübə layihəsi həyata keçirək.
- Premyer Liqada komanda sayı niyə artmır?
- Deməzdim ki, komanda sayı artmayıb. Çünki daha öncəki illərdə liqada cəmi səkkiz komanda var idisə, artıq 10 klub çıxış edir. Yenidən komanda sayının artımı üçün isə müəyyən zaman və infrastruktur tələblərinə cavab verilməsinə ehtiyac var. Eyni zamanda, bizim Birinci Liqa buna tam hazır olmalıdır. Məncə, biz bütün işləri birdən-birə görə bilmərik. Planlı iş görsək, zamanla gələcəkdə hər şeyin yaxşı olacağını deyə bilərik.
- Necə düşünürsünüz, komandalarda yeddi legionerin oynamasına icazə yerli futbolun keyfiyyətini azaltmırmı?
- Bizim əsas məqsədlərimizdən biri yerli futbolçuların üstünlük təşkil etməsidir. Ona görə ki, milli komandamızın hazırkı bazası Premyer Liqadır. Bildiyiniz kimi, Azərbaycan millisinə futbolçular liqada çıxış edən komandaların heyətindən seçilir. Əlbəttə, biz istəyərdik ki, futbolçularımızın sayı çoxalsın. Legioner futbolçuların sayına baxsaq, bu, bütün beynəlxalq praktikalarda rast gəlinəcək haldır. Elə bir ölkə yoxdur ki, orada legioner futbolçu olmasın. Legioner futbolçu deyərkən bizim xarici liqalarda çıxış edən futbolçularımızı da düşünməliyik. Düzdür, bu gün onların sayı azdır, amma ümid edirik ki, gələcəkdə daha çox olacaq. Legioner seçiminə klublar son vaxtlar diqqətli yanaşırlar. Biz Peşəkar Futbol Liqası olaraq milli komandada çıxış edən legioner futbolçudan rüsum almırıq. Son 12 ayda öz milli komandasında çıxış edən istənilən legioner artıq rahat şəkildə gəlib oynaya bilər. Bu da klublara əlavə bir motivasiya verir ki, həmin futbolçu üçün rüsum ödəmirlər. Amma milli komanda üzvü olmayan legionerlərdən ödəniş alırıq. Ötən mövsümdən bu yana legioner rüsumu artan surətdə davam edir ki, burada klublar müəyyən mənada diqqətli olurlar.
- Bir çox ölkələrdə Superkubok yarışları keçirilir - yəni ölkə çempionatı və kubokunun qalibləri üz-üzə gəlirlər. Azərbaycanda nə vaxtsa belə bir yarış keçirilə bilərmi?
- Bizdə əvvəlki illərdə olub. Sonuncu dəfə 2013-cü ilin oktyabrında Naxçıvanda təşkil olunub. Ondan sonra isə keçirilməyib. Superkubok görüşü, sadəcə, titul üçün mübarizə görüşüdür. Burada pul mükafatı yoxdur. Keçirilməməsindəki ən böyük səbəb isə zamanlama ilə əlaqədardır. Amma bununla bağlı Elxan Səmədovun açıqlaması var idi ki, Azərbaycan Superkubokunu bərpa etməkdə maraqlıyıq. Sadəcə, yaxın, ya da uzaq perspektivdə olacağını deyə bilmirik.
- Xarici ölkələrlə müqayisə etmişkən, uşaq futbolunun vəziyyətindən danışaq. "Ayaks", "Barselona" kimi komandalar uşaq futbolundan milyonlarla dollar qazanırlar. Qonşularımıza baxsaq, Gürcüstandan Xviça Kvaratsxeliya, İrandan Əli Daei və digər futbolçuları misal göstərə bilərik. Bəs bizdə bu sahədə irəliləyiş nə zaman olacaq?
- Bu, Peşəkar Futbol Liqasının səlahiyyətlərinə daxil olmayan mövzu olduğu üçün geniş danışa bilməyəcəyəm. Amma müəyyən müsbət məqamlar var ki, akademiyası olan klublar daxili və beynəlxalq məsələlərdə müəyyən mənada transfer etməyə nail olublar. Əlbəttə ki, bu məsələnin daha da yaxşılaşdırılmasını istəyərdik.
Anar Həsənov
Rəylər