Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kubok oyununda ayağı sınan futbolçu Bakıya gətirilir
Ötən gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"la "Sabah" arasında keçirilən görüşün 22-ci dəqiqəsində meydan sahiblərinin ayağı sınan futbolçusu Denis Marandiçin əməliyyatı ölkə xaricində keçirilə bilər.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağızadə bildirib ki, Denis Marandiç bu gün Gəncə Mərkəzi Klinika Xəstəxanasından Bakıya gətiriləcək.
"İncik sümüyünün tam yerini dəyişmiş sınığı və qamış sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçunun ayağı gipsə qoyulub. Klub həkiminin və xəstəxananın rəyinə əsasən, futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulsa da, ehtiyac duyularsa, əməliyyat xaricdə də keçirilə bilər. Amma, əməliyyat yalnız ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq", - deyə S.Tağızadə bildirib.
Xatırladaq ki, "Turan Tovuz" - "Sabah" görüşünün əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından növbəti mərhələyə yüksələn komandanın adına penaltilər seriyasında aydınlıq gətirilib. Burada daha dəqiq oynayan "Sabah" futbolçuları 1/4 final mərhələsinə yüksəliblər.
Qeyd edək ki, "Bayquşlar"ın 1/4 finaldakı rəqibi isə "Sumqayıt" - MOİK cütünün qalibi olacaq.
Anar Həsənov
Rəylər