Azərbaycan UEFA-nın əmsallar cədvəlində bir pillə geriləyib.
Oxu.Az xəbər verir ki, buna avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarının ilk gününün nəticələri səbəb olub.
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib. "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində "Ludoqorets"ə qalib gəlib - 7:2.
Bolqarıstandakı qazanc ölkəmizə 0,250 xal gətirib (bu mərhələdə qələbəyə görə verilən bir xal ölkə klublarının sayına (4) bölünüb). Qələbə sayəsində xal hesabımız 18.750-yə çatıb.
Amma bu qələbəyə və xal artımına baxmayaraq, Azərbaycan cədvəldə bir pillə geriləyib. Buna İsveçin sıçrayışı səbəb olub. Mövsümə başladığı 4 komandanın hamısı ilə yoluna davam edən skandinav ölkəsinin təmsilçiləri də 18.750 xal toplayıblar, amma cari mövsümdəki üstünlüklərinə görə cədvəldə bizdən öndə yer alıblar. Ölkəmiz hazırda Avropada 25-cidir - 23-cü yerdə qərarlaşan Slovakiyanın aktivində 18.875 xal var. Bizi təqib edən Kipr 18.475 xal toplayıb.
Azərbaycanın cari mövsümdə qazancı 2.000-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 0.875 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal, "Sumqayıt" isə 0.125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 89.160 xal.
Rəylər