"Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu ilə Avropada oynayan futbolçunun fiziki səviyyəsi eyni ola bilməz".
Oxu.Az xəbər verir ki, bunu "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov bildirib.
"Daha öncə baş məşqçiyə milli komandanı formalaşdırmaq üçün 10 gün vaxt verilirdisə, indi həmin vaxt üç günə endirilib. Təbii ki, bu müddət ərzində heyət formalaşdırmaq da çox çətin məsələdir. Razıyam, bizim millimiz yüksək və orta səviyyədə olan seçmə komandalarla mübarizə aparacaq səviyyədə deyil. İstər "Qarabağ"dan, istərsə də "Zirə"dən dəvət olunan futbolçular mövsüm başlayandan çox oyun keçirdikləri üçün bir qədər yorğun ola bilərlər. Futbolçuların fiziki cəhətdən hazır olmaması millinin baş məşqçisinin yox, klubun problemidir. Mən Fernandu Santuşa inanıram. Düşünürəm ki, millimiz onun dönəmində çox uğurlu çıxış edəcək".
Qeyd edək ki, Azərbaycan seçməsi bu gün Millətlər Liqasının qrup mərhələsində ilk oyununda İsveçi qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Rəylər