Avropa ölkələrinin UEFA əmsallar cədvəlində müəyyən dəyişikliklər olub.
Oxu.Az xəbər verir ki, buna avrokubokların pley-off mərhələsinin cavab oyunlarının ikinci gününün nəticələri səbəb olub.
Çempionlar Liqası və Avropa Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. Serbiya və Slovakiya irəliləyişə nail olub.
"Qarabağ" evdə Xorvatiyanın "Dinamo Zaqreb"inə 0:2 hesabı ilə uduzduğu üçün Azərbaycanın xal hesabı dəyişməz qalıb. Cari mövsümdə ölkəmizin qazancı 2.125 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.000 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" 0.125 xal töhfə verib.
Ölkəmizin cədvəldə tutduğu yer də dəyişməyib. Hesabında 18.875 xal olan Azərbaycan Avropada 26-cı pillədədir. Bizdən öncəki Kiprin (19.225) və sonrakı Bolqarıstanın (18.625) xalları da dəyişməz qalıb. Hər üç ölkənin xal ehtiyatı bugünkü oyunlardan sonra dəyişə bilər.
Qeyd edək ki, cədvələ İngiltərə (89.303 xal) başçılıq edir.
Rəylər