Azərbaycanda ilk dəfə olaraq keçirilən Startaplar üzrə Dünya Çempionatının qalib komandası bəlli olub.
Oxu.Az xəbər verir ki, yarışda iştirak etmək üçün qeydiyyatdan keçən 100-ə yaxın startap arasından seçilən beşi öz biznes ideyalarını auditoriya qarşısında təqdim edib və yeddi nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflər arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış investorlar və ekspertlər yer alıblar. Mütəxəssislərin qərarına əsasən, "Stackt" komandası qalib elan edilib.
Qeyd edək ki, qalib komanda oktyabrın 4-də ABŞ-də keçiriləcək final mərhələsində öz startap ideyası ilə Azərbaycanı təmsil edəcək.
Azərbaycanda ilk dəfə olaraq Startaplar üzrə Dünya Çempionatının regional mərhələsi keçirilib.
"Technovate Investments" şirkəti və "Mələk İnvestorlar Klubu"nun təsisçisi Fərid İsmayılzadə Oxu.Az-a açıqlamasında tədbirin ölkəmizdə əhəmiyyətindən danışıb:
"Bu, Azərbaycanda startap ekosisteminin inkişafında böyük rola sahib olacaq və bu sahələrin inkişafına töhfə verəcək. Startaplar üzrə Dünya Çempionatı dünyanın ən qabaqcıl startap yarışlarından biridir və hər il dünyanın müxtəlif yerlərində təşkil olunan regional mərhələlərin qaliblərini ABŞ-nin San-Fransisko şəhərində qalib gələrək 1 milyon dollar dəyərində mükafatı qazanmaları üçün bir araya gətirir. Yarışın məqsədi innovativ sahibkarları aşkar etmək, onları qlobal investorlarla bir araya gətirmək və öz bizneslərini dünya səviyyəsində inkişaf etdirməkdir".
Tədbirin təşkilatçısı olan "Technovate-SABAH Mələk" İnvestorlar Klubunun icraçı direktoru Alya Abbaszadə də çıxışında son bir il ərzində klubun gördüyü işlər, əldə olunan uğurlar və gələcək hədəflərlə bağlı bir sıra məlumatları diqqətə çatdırıb.
Tədbirə ev sahibliyi edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə ölkədə startapların inkişafında universitetlərin rolunu vurğulayıb.
Startaplar üzrə Dünya Çempionatının səfiri Federiko Altepost sözügedən qlobal yarışda ilk dəfə olaraq Azərbaycanın da iştirakını yüksək qiymətləndirib və ABŞ-də keçiriləcək final mərhələsində ilk dəfə olaraq Azərbaycan startapının iştirakını görməkdən məmnunluğunu ifadə edib.
Həmçinin, tədbirin qonaqları arasında yer alan ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi çıxışında bu tədbirin Azərbaycanda qlobal ideyalı startapların sayının artmasında, eləcə də yerli startapların qlobal təcrübələrdən öyrənilməsində böyük rola sahib olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva son dövrlərdə startap, investisiya və innovasiya sahələrində atılan addımlar, istər ölkə, istərsə də regional və qlobal səviyyədə əldə edilmiş uğurlar barəsində vacib məqamlara toxunub və bu kimi tədbirin ölkədə keçirilməsinin görülən işlərin daha da sürətləndirdiyini qeyd edib.
Tədbirdə çıxış edənlər arasında iqtisadiyyat nazirinin müavini Anar Axundov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədr müavini Ceyhun Salmanov da yer alıblar. Onlar da öz çıxışlarında bu tədbirin keçirilməsinin ölkənin nəinki startap və investisiya, həmçinin digər sahələrin də inkişafında böyük rola sahib olduğunu vurğulayıblar.
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib