Son illərdə Azərbaycandan at ixracında artım müşahidə edilir.
Sfera.az xəbər verir ki, əvvəlki illərdə hər ay 70-100 baş at ixrac edilirdisə, bu il aylıq ixrac sayı 200-ü ötüb. Rəsmi dövlət statistikasına əsasən, bu ilin yanvar-iyul ayları ərzində 1 517 baş at ixrac edilib.
İxracın dəyərinə və coğrafiyasına diqqət yetirdikdə görürük ki, ölkəmizdən daha çox ətlik məqsədlərlə at idxal olunur. 2024-cü ilin ilk 7 ayında ixrac edilən atların dəyəri 301 min 790 dollar olub. Orta hesabla bir baş at 199 dollara (339 manat) satılıb. Ölkəmizdən ən çox atı Qazaxıstan alıb. Qazaxıstan atı ətlik məqsədlə idxal edir. Yeddi ayda Qazaxıstan Azərbaycandan 1 444 baş at alıb və buna görə 286 min dollar, yaxud hər ata görə 198 dollar (336 manat) ödəyib.
Azərbaycandan Türkiyə və Özbəkistan da at alıb. Türkiyə 42 ədəd (hər birinə orta hesabla 202 dollar), Özbəkistan 30 ədəd (hər birinə orta hesabla 200 dollar) at alıb.
Bir ədəd at isə Gürcüstana göndərilib və qonşu ölkə bunun üçün 1500 dollar xərcləyib.