Noyabr ayında Azərbaycan beynəlxalq səviyyədə ilin ən mühüm tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bakı bu istiqamətdə hazırlıq işlərini tam sürətlə davam etdirir. Ayrı-ayrı dövlət və hökumət başçılarına dəvətlər göndərilir, bəşəriyyət üçün qlobal problem kimi xarakterizə edilən iqlim dəyişikliklərinin müzakirə ediləcəyi COP29-un məqsəd və məramı anladılır. Ən azı 80 min xarici qonağın qatılacağı bu tədbirdə müzakirə ediləcək mövzular da aktuallıq baxımından mühüm önəm daşıyır.
Bəs COP-29-u əvvəlki analoji tədbirlərdən fərqləndirən başlıca cəhətlər hansılardır?
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
İqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi
Bir müddət əvvəl Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı COP29-un əsas mövzusunun iqlim dəyişikliyinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi olacağı açıqlanıb. Əslində dünyada iqlim dəyişikliyi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məsələsi ciddi müzakirələrə yol açır. Bu məsələdə müxtəlif dövlətlərin mövqelərini və yanaşmalarını uzlaşdırmaq çox çətindir. Ekspertlər COP29-a bütün bəşəriyyəti təhdid edən iqlim dəyişmələri ilə mübarizədə maliyyənin ayrılması istiqamətində ortaq qərarın verilməsi üçün fürsət kimi baxırlar. Bakıda keçiriləcək COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı maliyyə vəsaiti ayırmaq, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək istiqamətində razılığa gəlinməsi gözlənilir. Bu baxımdan COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur. Belə ki, COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək istiqamətində konkret addımlar atmaq üçün bir fürsətdir.
"Bu məsuliyyəti çox yaxşı dərk edirik"
Hazırda rəsmi Bakı ev sahibi qismində qarşıya qoyulan məqsədlərə nail olmaq və COP29-un hədəflərinə çatması üçün gərgin iş aparır. Dünyanın ən müxtəlif qurumları, qeyri-hökumət təşkilatları, beynəlxalq institutları ilə qarşılıqlı müzakirələr, dialoq yolu ilə hədəfə istiqamətlənən yoldakı maneələri uğurla aradan qaldırır.
Ümumi rəy də ondan ibarətdir ki, bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək son dərəcədə məsuliyyətli və çətin bir işdir. Lakin Azərbaycanın bu işin öhdəsindən layiqincə gələcəyinə heç bir şübhə yoxdur.
Prezident İlham Əliyev də iyunun 4-də "Bakı Ekspo Mərkəzi"ndə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında bu məsələyə xüsusi olaraq toxunub.
"COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik", - deyə dövlət başçısı bildirib.
COP-la bağlı yeni təşəbbüs
Bakının qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində irəli sürdüyü təşəbbüslər də maraqlıdır. Məsələn, üç ölkə mexanizminin yaradılması.
Prezident İlham Əliyev bu yaxınlarda "Euronews" kanalına müsahibəsində bu təşəbbüsü COP tarixində yenilik kimi təqdim edib.
"Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik", - Prezident qeyd edib.
Yaşıl enerjiyə keçid əsas prioritetdir
Azərbaycan da qlobal dünyanın bir parçası olaraq iqlim dəyişikliklərinin yaratdığı problemlərlə üz-üzədir. Dövlət başçısının da enerji konfransında vurğuladığı kimi, Xəzərin sahilinə nəzər salmaq kifayətdir.
"İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq", - İlham Əliyev deyib.
Bakı həm COP29-un ev sahibi kimi, həm də neft-qaz istehsalçısı olaraq iqlim dəyişiklikləri ilə mübarizədə digərlərinə nümunə sayıla biləcək addımlar da atır. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Yaşıl iqtisadiyyata keçid və yaşıl enerji təchizatçısına çevrilmək ölkəmizin iqtisadi siyasətinin prioritetlərindəndir. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Bakı 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib. Yaşıl enerjiyə keçiddə regional lider kimi Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, həmçinin Naxçıvan bölgəsini 2050-ci ilə qədər "sıfır emissiya" zonasına çevirmək niyyətindədir.
Göründüyü kimi, Azərbaycan COP29 ərəfəsində dünyanın müxtəlif istiqamətləri arasında bir körpü rolunu oynayacaq. İndiyədək əldə edilən təcrübəni, son illərdə əldə edilən təcrübəni nəzərə alaraq, bu missiyanın uğurla reallaşdırılacağını əminliklə söyləyə bilərik.