Sosial şəbəkələrdə məlumatlar yayılıb ki, bu ilin noyabrından sonra dizel mühərrikli avtomobillərə vergi tətbiq olunacaq. Məqsədin isə ekologiyanı qorumaq naminə hibrid avtomobillərə olan marağın atırılması ilə bağlı olduğunu qeyd edirlər.
Maraqlıdır, sözügedən vergi tətbiq oluna bilərmi? Buna zərurət varmı?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Oxu.Az-a danışıb. O, məsələni belə izah edib:
"Dizel mühərrikli avtomobillərə verginin tətbiqi COP29 və ya hansısa beynəlxalq tədbirlə bağlı deyil. Verginin tətbiq edilib-edilməməsi hökumətin təklifi ilə Milli Məclisin səlahiyyətində olan məsələdir. Yəni vergini artırıb-azaltmaq və ya müəyyənləşdirmək Vergi Məcəlləsinə edilən dəyişikliklərlə mümkün ola bilər. Yəni Vergi Məcəlləsinə dəyişikliyi hökumət təklif etməlidir, Milli Məclis təsdiq etdikdən sonra ölkə başçısı imzalamalıdır. Vergi Məcəlləsinə belə təklif ilə əlaqədar rəsmi mənbələrdə məlumat yoxdur".
O əlavə edib ki, Azərbaycanda əlavə dəyər vergisi (ƏDV), yol vergisi, aksiz vergisi və sair qiymətin daxilindədir:
"Hökumət dizel yanacağının qiymətini iyulun 1-də artırıb. Bu qiymət artımı elə vətəndaşdan alınan əlavə vergidir. Yaxın müddətdə vergi tətbiqinin olacağını düşünmürəm".
Məhərrəm Əliyev