Bakıda keçirilən "InMerge" İnnovasiya Sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edilib.
Oxu.Az xəbər verir ki, "InMerge" vençur kapital fondunun təsisçi tərəfləri kimi "PASHA Innovations" şirkəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti, eləcə də "Trendyol" şirkətlər qrupu çıxış ediblər.
"PASHA Innovation" olaraq bizim üçün çox qürurverci haldır ki, sözügedən fondun əsası məhz "InMerge" sammiti zamanı qoyulub. İnanıram ki, fondumuz parlaq ideyaları dəstəkləyən əsas alətlərdən birinə çevriləcək", deyə "PAŞA Innovation" şirkətinin baş icraçı direktoru Fərrux Əliyev bildirib.
Qeyd olunub ki, "InMerge" vençur fondu çərçivəsində Qafqaz və Mərkəzi Asiya, Mərkəzi və Şərqi Asiya, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarından olan startaplara yatırımların edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən "INMerge" İnnovasiya Sammitinin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Aygün Mirakif