Azərbaycanın bank sektorunun maliyyə profili 2017-ci ildən bəri dollarlaşmanın və problemli aktivlərin kapitallaşmaya təzyiqinin azalması ilə əhəmiyyətli dərəcədə möhkəmlənib.
"Report" bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektoruna dair hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu inkişaf kredit portfelinin strukturunun yaxşılaşması, tənzimləyici nəzarətin gücləndirilməsi və maliyyə bazarının inkişafı ilə bağlıdır.
"Azərbaycanın bank sektoru MDB+ regionunda ən az kreditləşdirilmiş sektor olaraq qalır. 2024-cü ilin birinci yarısının sonunda kreditlərin ÜDM-ə nisbəti 20%-ə çatıb. Bu, növbəti illərdə sektorun böyüməsi və gəlir imkanlarının artması üçün əlverişli şərait yaradır. Proqnozlara görə, 2024-cü ildə kreditləşmənin artım sürəti 20%-ə çatacaq, lakin 2025-ci ildə bu artım 15%-ə qədər yavaşlayacaq.
Sektorun tarixən zəif olan aktivlərin keyfiyyəti 2018-ci ilin sonundan bəri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu, Azərbaycan Beynəlxalq Bankının (ABB) balansının təmizlənməsi və 2016-2023-cü illərdə zəif bankların lisenziyalarının ləğv edilməsi nəticəsində mümkün olub. Hazırda banklar daha çox pərakəndə kreditləşməyə yönəliblər ki, bu da 2024-cü ilin ortalarına ümumi kreditlərin 58%-ni təşkil edib, halbuki 2018-ci ilin sonunda bu göstərici 41% idi", - deyə hesabatda bildirilir.
"Fitch" qeyd edib ki, sektorun aktivlərinin keyfiyyəti balanslaşdırılmış strukturla dəstəklənir, belə ki, 2024-cü ilin birinci yarısında xalis kreditlər ümumi aktivlərin 48%-ni təşkil edib və qeyri-kredit aktivlərinin keyfiyyəti yüksəkdir. Pərakəndə kreditləşməyə diqqətin artırılması və valyuta sabitliyinin davam etməsi dollarlaşmanın azalmasına və gəlirliliyin artmasına kömək edib, çünki pərakəndə seqmentdə marjalar korporativ seqmentə nisbətən daha yüksəkdir, hesabatda qeyd olunub.
Agentlik proqnozlaşdırır ki, növbəti illərdə sektorun kapitalın rentabelliyi 15%-dən yuxarı qalacaq. Dəyərsizləşmədən əvvəlki mənfəət göstəriciləri (2024-cü ilin birinci yarısında ümumi kreditlərin orta hesabla 7.5%-i) və birinci səviyyəli kapital əmsalı (14.9%) zərərlərin udulması üçün kifayət qədər dayanıqlıq təmin edir.
"2022-ci ildən etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) tənzimləyici nəzarəti gücləndirərək, pərakəndə seqmentdə effektiv makroprudensial tədbirlər həyata keçirib və normativ bazanı təkmilləşdirib. Bu addımlar bankların risk profilini yaxşılaşdırıb.
AMB problemli aktivlər üçün kifayət qədər ehtiyatlanma və əlaqəli tərəflərin müəyyən edilməsinə sərt yanaşma tətbiq edib ki, bu da tənzimləyici-hüquqi bazanı əməliyyat mühitinə mənfi təsir edən amillər siyahısından çıxarmağa imkan verib.
2022-ci ilin sentyabrında AMB pul-kredit siyasətinə yenidən baxaraq, izafi likvidliyin idarə edilməsini yaxşılaşdırmaq və faiz dərəcələrinin ötürülməsini gücləndirmək məqsədilə dəyişikliklər edib. Bu tədbirlər və qısamüddətli banklararası bazarın aktivləşməsi nəticəsində "Fitch" maliyyə bazarının inkişafını əməliyyat mühitinin qiymətləndirilməsi zamanı mənfi amillərin siyahısından çıxarıb", - deyə hesabatda qeyd olunub.
Bu müsbət dəyişiklikləri və maliyyə dayanıqlığının artmasını nəzərə alaraq, "Fitch" Azərbaycanın bank sektoru üçün əməliyyat mühitinin reytinqini "B+"/müsbətdən "BB-"/sabitə yüksəldib. Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının reytinqi də "BB-"/müsbətdən "BB"/müsbətə artırılıb.