Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına və bazarlara çıxış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə ölkənin bir sıra regionlarında sərgi-satış yarmarkaları - "KOB FEST"lər keçiriləcək. "KOB FEST" barədə sualları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşı Firəngiz Xəlilova cavablandırıb.
"KOB FEST" nədir?
Dövlət tərəfindən mikro və kiçik sahibkarlıq subyektləri çoxşaxəli dəstək tədbirləri ilə əhatə olunublar. Belə dəstək istiqamətlərindən biri də KOB subyektlərinin satış və bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlıdır. KOBİA tərəfindən də bu sahədə KOB subyektlərinə müxtəlif dəstəklər göstərilir. Bunlardan biri də KOB-ların satış və bazarlara çıxış imkanlarını genişləndirən sərgilərə qatılmasına dəstək mexanizmidir. Bu mexanizm çərçivəsində agentlik hər il KOB-ların ödənişsiz olaraq müxtəlif ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək olur. Bunlardan biri də "KOB FEST" sərgi-satış yarmarkalarıdır. Bu yarmarka 2022-ci ildən etibarən keçirilir və KOB-lar tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. Məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə mikro və kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Sərgi-satış yarmarkaları, həmçinin, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin və sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarkalarda məhsul və xidmətlərini təqdim edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır. 2024-cü ildə də ölkənin bir sıra rayonlarında "KOB FEST" sərgi-satış yarmarkalarının təşkil olunması nəzərdə tutulur.
Bu il "KOB FEST" hansı rayonlarda keçiriləcək?
Builki "KOB FEST"lər Göygöl, Şəki, Gəncə, Naxçıvan və s. rayon və şəhərlərdə təşkil olunacaq. Artıq Göygöl rayonunun ərazisində keçiriləcək "KOB FEST" ilə bağlı sahibkarların məlumatlandırılması, onlardan müraciətlərin qəbulu həyata keçirilir. Bu tədbir 5-7 iyul tarixlərində Hacıkənd Xan Yaylağında keçiriləcək Milli Yaylaq Festivalı çərçivəsində təşkil olunacaq.
Yarmarkalarda daha çox tədbirin keçirildiyi rayondan, eləcə də ona yaxın bölgələrdən KOB-ların iştirakına üstünlük veriləcək. Bu sahədə agentliyin ölkənin 40-dan çox şəhər və rayonunda fəaliyyət göstərən nümayəndələri - "KOB dost"ları yerlərdə sahibkarlarla aktiv iş aparır.
Ümumilikdə 2024-cü ildə təşkil olunacaq "KOB FEST"lərin ölkə üzrə əhatə dairəsi genişləndirilib. "KOB FEST"lər, əsasən, regionlarda təşkil olunacaq. Bu, bölgələrdə fəaliyyət göstərən mikro və kiçik sahibkarların satış imkanlarının artırılmasına və bazarlara çıxışının genişləndirilməsi üçün daha çox dəstəyə ehtiyacının olması ilə bağlıdır. Əvvəlki illərdən fərqli olaraq, builki "KOB FEST"lərdə daha çox KOB subyektinin iştirakına şərait yaradılacaq.
Əvvəlki illərdə təşkil edilmiş "KOB FEST"lərə maraq necə olub?
KOBİA 2022-ci ildən etibarən "KOB FEST" sərgi-satış yarmarkalarını təşkil edir. İndiyədək bu yarmarkalar Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şəmkir, Quba və s. şəhər və rayonlarda keçirilib. Bu yarmarkalarda 600-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin istehsal etdiyi məhsul və xidmətlər sərgilənib və satışı həyata keçirilib. Yarmarkalara KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar tərəfindən ümumilikdə dörd mindən çox çeşiddə məhsul və xidmətlər, o cümlədən qida və qeyri-qida məhsulları, əl işləri, toxuculuq məhsulları, geyimlər, aksesuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar və s. çıxarılıb. İştirakçı sayı, məhsul çeşidi, eləcə də sərgi ziyarətçilərinin sayının çox olması "KOB FEST"lərə maraqdan xəbər verir. Bu tədbirlər, həmçinin, KOB subyektlərinə yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsinə imkan verib. "KOB FEST"lər, həmçinin, mikro və kiçik sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə, bu sahədə təcrübələrini artırmasına öz töhfəsini verib.
"KOB FEST"lərdə iştirak şərtləri necədir?
"KOB FEST" sərgi-satış yarmarkalarında mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar və yaradıcı şəxslər iştirak edə bilərlər. Yarmarkada iştirak etmək üçün mikro və kiçik sahibkarlıq subyektlərindən yalnız agentliyin saytında yerləşdirilmiş onlayn müraciət formasını (https://smb.gov.az/az/contact-form/exhibition-form/1) doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur. İştirakla bağlı bütün xərclər KOBİA tərəfindən qarşılanacaq. "KOB FEST"lərdə iştirak etmək istəyən KOB-ları, eləcə də ictimaiyyəti məlumatlandırmaq məqsədilə əvvəlcədən yarmarkanın keçiriləcəyi şəhər və rayonlar barədə mediada, agentliyin saytında və sosial şəbəkələrdəki hesablarında elanlar veriləcək.
Bəs "KOB FEST"lərdə sərgi ziyarətçilərini nələr gözləyir?
"KOB FEST"lərin keçirilməsində başlıca məqsəd KOB-ların məhsul və xidmətlərinin satışına dəstək göstərmək olsa da, yarmarkalar çərçivəsində üç gün müddətində mədəni-əyləncəli proqram da təşkil olunacaq. Eyni zamanda, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klaslar keçiriləcək. Bir sözlə, yarmarkanı ziyarət edən yerli əhali, qonaqlar və turistlər həm alış-veriş edə biləcək, həm də əylənəcəklər. "KOB FEST"lərin, həmçinin, ölkəmizi ziyarət edən turistlər üçün də maraqlı məkan olacağına inanırıq. Fürsətdən istifadə edərək tur şirkətlərinə proqramlarına "KOB FEST"ləri də salmağı tövsiyə edirik. Yarmarkalar turistlərə maraqlı hədiyyəlik əşyalar almağa, milli təamlarımızı dadmağa, əyləncəli gün keçirməyə imkan verəcək.