"Həm Rusiyada, həm də Azərbaycanda kiçik və orta bizneslə (KOB) məşğul olan müəssisələr ümumi müəssisələrin 99 %-ini təşkil edir".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin perspektivlərinə həsr olunmuş sessiyada deyib.
O.Məmmədov qeyd edib ki, ilk növbədə kiçik və orta müəssisələrin məhsuldarlığının artırılmasına və onların biznes proseslərinin təkmilləşdirilməsinə diqqət yetirilməlidir, çünki yüksək əlavə dəyər yaradan sektorlarda KOB-ların payının artırılması vacibdir.
O, Rusiya və Azərbaycanın KOB sektorlarının bir çox oxşar cəhətlərə malik olduğunu qeyd edib və əlavə dəyər yaratmaqda onların payını nəzərə alaraq KOB-lar arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğuna işarə edib.