Son illər Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. İqtisadi-diplomatik potensialına görə dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməklə Azərbaycan özünün regional və qlobal aspektdə aparıcı mərkəzlərdən biri olduğunu getdikcə daha çox sübut edir. Bu istiqamətdə rəsmi Bakı beynəlxalq iqtisadi layihələrdə mühüm tərəfdaşlıq rolu oynamaqla həm özünün yeni səhifə açdığını, həm də beynəlxalq aləmdə yeni səhifələrin açılmasında mühüm rol oynadığını göstərir. Bu isə ilk növbədə, kənar təzyiqlərin azalmasına, müstəqil siyasət yürüdərək milli maraqların təmin olunmasına zəmin yaradır.
Bu istiqamətdə prioritet rol oynayan bir neçə layihəni xüsusilə qeyd etmək lazımdır. Bu layihələr "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi, "Şərq-Qərb" və ya "Yeni İpək yolu" layihəsi, BRICS və digər nəqliyyat dəhlizləri və iqtisadi layihələrdir.
Mövzunu daha da şaxələndirmək üçün bir neçə vacib məqamı xatırlatmaq yerinə düşər. Birincisi - iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşdür. Nəticədə iki ölkə arasında bir sıra yüksəksəviyyəli sənədlər imzalanmışdı. Bu, Azərbaycanla Çin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bir daha nümayiş etdirdi.
Digər bir məqam isə avqustun 18-19-da Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi və Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında verilən açıqlamalardır. Məsələn, Putinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini vurğulaması, eləcə də prezident İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində "autriç" (müşahidəçi) formatında görüşə dəvət etməsi və Azərbaycanın BRICS-ə üzv olmaq üçün rəsmən müraciət etməsi Azərbaycanın xarici siyasət strategiyasının əhəmiyyətinin əyani sübutudur.
BRICS nədir?
BRICS - Qərb cəbhəsinə alternativ iqtisadi qurumdur. 2006-cı ildə yaradılan təşkilatın gələcək illərdə Qərbi geridə qoyacağı şübhə doğurmur. Həmçinin, dünya iqtisadiyyatının təxminən 30 faizi BRICS-ə üzv olan ölkələrin payına düşür.
BRICS-ə üzvlük Azərbaycana nə vəd edir?
Quruma üzv ölkələrin sürətlə inkişaf etməsi və Azərbaycanla əməkdaşlıqlarını şaxələndirməsi ölkəmizin də dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyətə malikdir.
Beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizi və Azərbaycan üçün perspektivləri
Sözügedən layihənin təməli 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanan hökumətlərarası saziş əsasında qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Prezident İlham Əliyev 2015-ci ilin 7 dekabrında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədin icrası olaraq, dəhlizlə ilkin mərhələdə il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə 10 milyon tona qədər artırılması planlaşdırılıb. Dəhliz Azərbaycan və Rusiyanın Hind okeanına çıxışını təmin edəcək və tərəflərin bu marşrutlardan qarşılıqlı fayda əldə etməsinə imkan verəcək. Digər tərəfdən, dəhliz Azərbaycanın regiondakı mövqeyinin sabitliyi baxımından geosiyasi əhəmiyyət kəsb edir.
Bu istiqamətdə qeyd edilməli digər məsələ "Şərq-Qərb" və ya "Yeni İpək yolu" layihəsidir. Layihə Asiya və Avropa arasında enerji, nəqliyyat və ticarət əlaqələrinin yenidən bərpa olunması ilə bağlıdır. Yol Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ya Ukrayna vasitəsilə Çin iqtisadiyyatını Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı ilə birləşdirir. Coğrafi nöqteyi-nəzərdən Azərbaycan gələcəkdə mərkəzi nəqliyyat qovşağına çevrilə bilər.
Hər iki nəqliyyat dəhlizinin Azərbaycan üçün ümumi iqtisadi faydaları
Azərbaycan hər iki marşrut xəttinin kəsişmə nöqtəsində yerləşir. Bu isə davamlı investisiya axınına zəmin yaradır.
Əlbəttə ki, bütün bunlar həm də regiona aid olmayan böyük güc mərkəzlərinin müstəqil siyasət yürütmək istəyən ölkələrə qarşı təzyiqlərini dəf etməyə imkan verəcək. Əbəs deyil ki, elə bu təzyiqlərin məhdudlaşdırılması artıq Qərbin Ermənistan vasitəsilə regionu qarışdırmaq cəhdlərinə start verib ki, Qərbin maraqlarına zidd olan layihələrin reallaşmasının qarşısı alınsın. Çünki Azərbaycan müstəqil siyasət yürüdür, öz maraqlarının təmin olunması üçün özünün xarici siyasət strategiyasını formalaşdırıb və bütün zəruri addımları ciddi siyasi iradəyə söykənir. Üstəlik, Bakı yerləşdiyi regionda münaqişə potensialını aradan qaldırmaqla Qərbin müdaxilə cəhdlərini məhv edib. Bu da həmin dairələrin məkrli maraqlarına, təbii ki, ciddi zərbədir. Bir sözlə, Qərb mənfur niyyətindən doğan addımlarını ona görə intensivləşdirib ki, nəqliyyat dəhlizlərinin mövcud qarşıdurmasında gözləmədiyi halda məğlubiyyətə düçar olub və bu gərginlik Azərbaycanla tərəfdaşlarının açıq üstünlüyü müstəvisində nümayiş olunur.
Bu kontekstdə vurğulanması zəruri olan digər bir xüsusat Azərbaycan və İran arasında reallaşması mümkün olan Zəngəzur dəhlizinə alternativ yoldur. Belə ki, yeni körpülər vasitəsilə İran ərazisindən keçməklə Naxçıvanla yaradılacaq bağlantı və bununla da həm iki ölkə arasında əlaqələrin daha da şaxələnməsi, həm də Azərbaycanın hər bir halda məqsədinə çatması Qərbin maraqlarını alt-üst edən məqamlardan biri kimi dəyərləndirilməlidir. Bu isə o deməkdir ki, regional və qlobal kontekstdə baş verən dəyişiklərdə Azərbaycan və tərəfdaşları indi daha fəal rol alırlar. Üstəlik, İranla Azərbaycan arasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin də mühüm inkişaf perspektivləri mövcuddur. Çünki dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlanandan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.
Azərbaycan mövqeyini qorumaq və gələcəkdə də kənar müdaxilələri pozmaq üçün nə etməlidir?
Azərbaycan sözügedən dəhlizlər, eləcə də enerji layihələrindən bundan sonra daha da aktiv istifadə etməklə, həm təhlükəsizliyini təmin edəcək, həm də müttəfiq və tərəfdaş ölkələrlə əməkdaşlığı gücləndirəcək. Beləliklə, Bakı yalnız özünün gündəliyində olan milli məsələlərlə deyil, dünyanı da narahat edən və düşündürən mövzularla bağlı fəal mövqeyini ortaya qoyacaq. Bütün bunlar isə ilk növbədə, ölkəmizin əlini bütün dünyada daha da gücləndirəcək, kənar təsir və təzyiqlərin qətiyyətlə dəf olunmasına şərait yaradacaq.
Mərahim Nəsib