Rusiyanın Kazan şəhərində XVI BRICS sammiti keçirilir. "Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi" şüarı altında keçirilən tədbir birlik çərçivəsində birgə fəaliyyətin təşkili istiqamətində mühüm əhəmiyyət daşıyır. Çünki artıq reallığa çevrilən BRICS dünyanın əksər aparıcı və inkişaf etməkdə olan ölkələrinin diqqət mərkəzindədir. Bu da qurumun perspektivdə nüfuzunun möhkəmlənəcəyindən, onun dünya işlərində, aktual, qlobal və regional problemlərin həllində rolunun artacağından xəbər verir. Bəs BRICS-ə üzvlük Azərbaycana nə vəd edir? Ümumiyyətlə, bu təşkilatın beynəlxalq aləmdə yerini necə dəyərləndirmək olar?
Oxu.Az mövzunu araşdırıb.
Azərbaycanın regionda və artıq Avropada aparıcı iqtisadi aktora çevrilməsi fonunda quruma üzvlük üçün müraciəti və buna müsbət yanaşılması ölkəmizin BRICS-ə üzv ölkələr üçün nə qədər cəlbedici olduğunu deməyə əsas verir. Eyni zamanda, üzv ölkələrin sürətli inkişafı və Azərbaycanla əməkdaşlıqlarını şaxələndirməsi ölkəmizin dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Bütün bunların fonunda BRICS-in qlobal miqyasda aparıcı təşkilata çevriləcəyi şübhə doğurmur.
Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb və əsas etibarilə beş ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını özündə birləşdirən iqtisadi təşkilatdır. BRICS kollektiv Qərbə alternativdir və potensialına əsasən, onun gələcək illərdə iqtisadi baxımdan Qərbi tamamilə geridə qoyacağı istisna edilmir. Dünya iqtisadiyyatının təxminən 30 faizi BRICS-ə üzv olan ölkələrin payına düşür. Əsas məqam isə ondan ibarətdir ki, BRICS ölkələrinin iqtisadi artımı G7 ölkələri ilə müqayisədə təxminən iki dəfə daha yüksəkdir. Ona görə də BRICS hazırda "Böyük yeddilər"i həm nominal ümumi daxili məhsula (ÜDM), həm də xüsusi alıcılıq qabiliyyəti göstəricilərinə görə üstələyir. Nəzərə alsaq ki, BRICS ölkələrinin genişlənməsi prosesi 2024-cü ildə də davam edir və bir sıra sürətlə inkişaf edən dövlətlər də təşkilata üzv olmağa çalışırlar, bu da onu deməyə əsas verir ki, bu tendensiya BRICS ölkələrinin xeyrinə daha da artacaq. Əbəs deyil ki, təşkilatın ilin sonuna qədər dünya iqtisadiyyatındakı yerinin 36 faizdən çox olacağı gözlənilir.
Azərbaycan təşkilata üzv ölkələrdən Rusiya ilə çox sıx iqtisadi əlaqələrə malikdir. Özü də bunun tarixi əsrlərlə ölçülür. Eyni zamanda, Azərbaycanın Çin ilə də qarşılıqlı iqtisadi əlaqələri mövcuddur və bu ölkə ilə də öz iqtisadi münasibətlərini daim inkişaf etdirmək marağındadır. Bundan əlavə, biz neftdən əldə etdiyimiz gəlirləri nəqliyyat sektoruna yatırmışıq və nəticədə Azərbaycan bu il çox mühüm bir logistik mərkəzə çevrilib. Biz həm şimal-cənub, həm də şərq-qərb istiqamətində nəqliyyat dəhlizi rolunu həyata keçirməkdəyik və bu sahədə də mövqeyimizi daha da inkişaf etdirmək, möhkəmləndirmək niyyətindəyik.
Üstəlik, BRICS-ə daxil olan ölkələrin Azərbaycanla həm münasibətləri yaxşı səviyyədədir, həm də bəziləri coğrafi cəhətdən ölkəmizdə yaxındır. Yəni BRICS Azərbaycanın strateji inkişaf istiqamətlərinə uyğundur. Eyni zamanda, bu ölkələrin sürətlə inkişaf etməsi və Azərbaycanla əməkdaşlıqlarını şaxələndirməsi ölkəmizin dayanıqlı inkişafı üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu da əbəs yerə deyil. Çünki Azərbaycan multilateralizm (beynəlxalq xarici iqtisadi əlaqələrin hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə etməsinə imkan verən mexanizmlərə əsaslanan təşkili - red.) prinsipini əsas götürərək, çoxtərəfli diplomatiyanı həyata keçirir. Qoşulmama Hərəkatına uğurlu sədrliyimizdən sonra ölkəmiz bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Həmçinin, Azərbaycan, COP29-a ev sahibliyi edən ölkə olaraq, dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu kontekstdə həm də BRICS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.
Milli Məclisin deputatı Arzuxan Əlizadə də hesab edir ki, Azərbaycan çoxvektorlu siyasət yürüdür və bunun müsbət nəticələri göz önündədir:
"Biz 120-dən artıq dövlətin təmsil olunduğu və zamanında iki hərbi siyasi qütb arasındakı qarşıdurmalara cəlb olunmamaq üçün yaradılmış Qoşulmama Hərəkatına uzun müddət ərzində üzv olduq. Həmçinin, Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrlik həyata keçirdik və bu təşkilatda təmsilçiliyimiz orada təmsil olunan dövlətlərlə ikitərəfli münasibətlərin formalaşmasına da əhəmiyyətli təsir göstərdi. Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatının da üzvü və əsas aparıcı güclərindən biridir".
"İndi isə BRICS sammitində iştirak, eləcə də təşkilata üzv olmaqla bağlı müraciət olunması bu təşkilatda təmsil olunan dövlətlərlə də münasibətlərin bir qədər də yaxınlaşmasına, əməkdaşlıq formatında ikitərəfli münasibətlərin qurulmasına öz töhfəsini verir və gələcəkdə də verəcək", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, zamanında iki qütbdən ibarət olan dünyada artıq çoxqütblü nizam formalaşmaqdadır:
"Bu yeni dünya nizamında çoxvektorlu siyasət yürüdülməsi, beynəlxalq təşkilatlarda təmsilçilik, dünya dövlətləri ilə münasibətlərin daha da yaxşılaşdırılması Azərbaycanın güclü dövlət kimi formalaşıb dünyanın əsas dövlətlərindən biri kimi siyasi spektrdə mövcudluğuna öz töhfəsini verir və gələcəkdə də bu aparılan siyasət öz bəhrəsini bir qədər də bariz formada göstərəcək".
İqtisadçı ekspert Eldəniz Əmirov isə təşkilatın əsas beş ölkəsinin durumunu ayrı-ayrılıqda qiymətləndirib:
"Braziliya il ərzində ölkəsini idxal məhsulları ilə təmin etmək üçün 240 milyard dollarlıq məhsul alır və bunun 48 milyard dollarını BRICS ölkələrindən əldə edir:
"Yerdə qalan 80% idxalı gercəkləşdirmək üçün Braziliyaya hər il 192 milyard dollar lazımdır. Rusiya isə il ərzində 280 milyard dollarlıq məhsul idxal edir və bunun 15%-i BRICS-in payına düşür. Yerdə qalan idxal üçün Rusiyaya 238 milyard dollar lazım olur. İldə 700 milyard dollarlıq idxal edən Hindistan isə bunun 10%-ni BRICS ölkələri ilə edir. Yerdə qalan 630 milyardını dollar hesabına kənardan alır. Cənubi Afrika da bu məsələdə Hindistanla bənzər pay nisbətinə sahibdir. İl ərzində iki trilyon dollarlıq idxal edən Çin bunun cəmi 5%-ni BRICS-dən edir. Yerdə qalan 95%-lik pay isə 1,9 trilyon dollar deməkdir".
Müsahibimiz əlavə edib ki, uzunmüddətli dövr üçün BRICS valyutası özünü doğrulda bilər:
"Amma bunun üçün əhəmiyyətli siyasi və iqtisadi əməkdaşlıq tələb olunur. İqtisadi dünya nizamında dəyişikliklər baş verdikcə perspektivlər də dəyişə bilər".
Mərahim Nəsib