4 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Çin Neft Universitetinin rektoru professor Çen Fengin başçılıq etdiyi nümayəndə heyəti ilə SOCAR-ın rəhbərliyi arasında görüş keçirilib.
Bu barədə SOCAR məlumat yayıb.
Görüşdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin Çin Neft Universitetinin təşkil etdiyi beynəlxalq yarışlarda uğurla iştirak etdiyi vurğulanıb. SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, rəqəmsal və innovativ texnologiyaların tətbiqinin və yüksəkixtisaslı kadr potensialının inkişafının prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd edilib. Neft kapitalının insan kapitalına transformasiyasının bariz nümunələrindən biri olan BANM-də innovativ texnologiyalar əsasında yaradılan laboratoriyaların, müasir təhsil şəraitinin ölkədə rəqabətli insan kapitalının gücləndirilməsinə mühüm töhfələr verdiyi bildirilib.
Bu çərçivədə, neft və neft-kimya sahəsində ixtisaslaşan və Çinin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Çin Neft Universiteti ilə SOCAR arasında neft-qaz, neft-kimya, geologiya, ətraf-mühit, süni intellekt və innovasiya sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.