Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva cinayət məsuliyyətinə cəlb olunublar.
APA-nın əldə etdiyi xəbərə görə, Səbuhi Hüseynov vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib.
İddia olunur ki, cinayət əməlində ona İnstitutun kadrlar şöbəsinin müdiri işləmiş həyat yoldaşı Gülüstan İsayeva köməklik göstərib.
Təqsirləndirilən şəxslər ümumilikdə 92 min manat mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda baş mütəxəssis işləyən Səbuhi Hüseynovun dediyinə görə, həyat yoldaşı ilə birlikdə uzun müddət Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib.
O, institutda yalnız elmi işçi kimi fəaliyyət göstərdiyini, heç bir vəzifə sahibi olmadığını bildirib. Səbuhi Hüseynov özünün və həyat yoldaşının verilmiş ittihamlarla əlaqələri olmadığını, istintaqa hərtərəfli ifadə verdiyini qeyd edib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.
Tarixçi alim həyat yoldaşı ilə birgə Qarabağda tədqiqat adı ilə 92 min manat mənimsəmədə ittiham olunur