Xaricə göndərilən 84 milyon manatdan artıq dəyərdə kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib
Belə ki, Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə "Fruit Yard" və "Fruit City Group" MMC-ləri tərəfindən ümumilikdə 18.5 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 31.5 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Anar Aydın oğlu Süleymanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə "EA-Fruits" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Adil Nüsrət oğlu Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, *308.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə "ART GREEN" MMC tərəfindən ümumilikdə 1.3 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 2.2 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rəşid Elşad oğlu Əliyev, Ceyhun Şakir oğlu Abbasov və Elməddin Məhəmməd Əhmədov oğlu cinayət işi üzrə sadalanan maddələrlə təqsirləndirilən şəxslər qismində cəlb ediliblər və onların hər biri barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə "TMYB" MMC tərəfindən ümumilikdə 130 min ABŞ dolları pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 221 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hacı Səttar oğlu Nəsirov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
84.3 milyon manat pul ölkəyə qaytarılmayıb - Vəzifəli şəxslər HƏBS OLUNDULAR
Rəylər