Ağdamda narkokuryer saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Faiq Hüseynov saxlanılıb. Onun idarəsində olan avtomobildən və Bakı şəhərində yaşadığı evdən külli miqdarda metamfetamin, heroin, marixuana və metadon həbləri aşkar edilib. Eyni zamanda onun narkotik vasitəni satdığı rayon sakini Ələmdar İsmayılov da saxlanılıb. Ondan da külli miqdarda metamfetamin götürülüb.
Araşdırma zamanı F.Hüseynov həmin narkotikləri sosial şəbəkədə tanıdığı Samirə və Rza adlı İran sakinləri vasitəsi ilə əldə etdiyini və onların dediyi ərazilərə çatdıraraq narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.