Azərbaycan Respublikasının Ali Məhkəməsi bir dələduzluq işinə dair mühüm qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, qərarı şərh edən Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov bildirib ki, bu iş hüquq sistemimizdə cəza təyini və qanunvericiliyin düzgün tətbiqi məsələləri baxımından çox vacibdir.
Vəkil öncə cinayət işinin predmetini açıqlayıb:
"Birinci instansiya məhkəməsi tərəfindən məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzanın iki il sınaq müddəti ilə şərti hesab edilməsinə qərar verib. Bu qərardan həm məhkumun müdafiəçisi, həm də dövlət ittihamçısı apellyasiya şikayəti və protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb. Dövlət ittihamçısı bu qərardan narazı qalaraq Ali Məhkəməyə kassasiya protesti təqdim edib".
Dələduzluq əməllərinə gəldikdə isə vəkilin sözlərinə görə, məhkum bir neçə epizodda müxtəlif şəxslərə qarşı dələduzluq əməlləri törədib:
"Birinci epizodda məhkum Ukraynadan taxta materiallarının gətirilməsində köməklik göstərəcəyini vəd edərək, bir şəxsdən ümumilikdə 60 000 manat alıb. Daha sonra Litvadan kartof məhsulunun idxalı adı ilə başqa bir şəxsdən cəmi 27 475 manat (35 000 ABŞ dolları ekvivalentində) məbləğində pul ələ keçirib.
Üçüncü epizodda Ukraynadan un məmulatlarının gətirilməsi vədi ilə digər bir şəxsdən ümumilikdə 68 000 manatı aldatma yolu ilə alınıb. Həmçinin, məhkum Litvadan kartof idxalı adı ilə bir şəxsdən və "XXXX" MMC-dən ümumilikdə 387 945 manat alıb. Bu məbləğin 146 790 manatı fiziki şəxsə, 241 155 manatı isə "XXXX" MMC-yə məxsus olub".
P.Məmmədov Ali Məhkəmənin, kassasiya protestini qismən təmin edərək, aşağıdakı qərarları qəbul etdiyini bildirib:
"Məhkəmə qeyd edib ki, məhkumun törətdiyi əməllər cəmiyyət üçün yüksək təhlükəlilik dərəcəsinə malikdir. Törədilən cinayətlərin xarakteri və miqyası, habelə məhkumun şəxsiyyəti nəzərə alınaraq cəzanın şərti tətbiqi düzgün deyil. Bu səbəbdən, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuna uyğun hesab edilməyib.
Ali Məhkəmə birinci instansiya məhkəməsinin "XXXX" MMC-ni zərərçəkmiş kimi tanımamasını doğru hesab edib. İş materiallarından görünür ki, məhkumun bu şirkətə qarşı dələduzluq etməsi sübuta yetirilməyib.
Eləcə də Ali Məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmamasını ciddi qanun pozuntusu kimi qiymətləndirib.
Yekunda Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək, işin yenidən apellyasiya instansiyasında baxılmasına qərar verib".
Rəylər