"Son dövrlər yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə edilsə də, piyadaların vurulması ilə nəticələnən hadisələrə hələ də rast gəlinir. Səbəb müxtəlif olsa da, əslində, bu qəzalara səbəb məsuliyyətsizlikdir".
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik-leytenant Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, avtomobil yollarında piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisələrinə insanların da yazdığı şərhlər müxtəlifdir:
"Sürücülər və digər hərəkət iştirakçıları da etiraf edirlər ki, bir nəfərin məsuliyyətsizliyi bir və daha çox insanın həyatını məhv edə bilər. Yol hərəkəti qaydalarına hər kəs bir nəfər kimi riayət etməlidir. Piyadalar yollarda onlar üçün nəzərdə tutulan istiqamətlərdən qarşıdan-qarşıya keçməlidirlər. Sürücülər də piyadanın üstünlüyü olan yollarda sürət həddinə nəzarət etməli və qaydaları pozmamalıdırlar.
Ötən illə müqayisədə həm yol-nəqliyyat hadisələrinin sayında, həm də xəsarət alanların sayında azalma müşahidə olunsa da, təəssüflər olsun ki, piyadavurma halları hələ də müşahidə edilir. Əgər piyadavurma hadisələrinin sayındakı azalmanı istədiyimiz nəticəyə gətirib çıxara bilsək, Azərbaycan Avropa ölkələri sırasında ən az yol-nəqliyyat hadisəsi və ölüm olan ölkələr sırasına qoşular.
Piyada və sürücü məsuliyyətsizliyi, infrastrukturla bağlı problemlər bu hadisələrin baş verməsinə səbəb olan amillərdir. Belə hadisələrin qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalı və çəkindirmə vasitələri tətbiq olunmalıdır. Heç bir qurum, eləcə də Baş Dövlət Yol Polis İdarəsi cərimələmə tərəfdarı deyil. Lakin bəzi sürücülər və piyadalar var ki, onlar yalnız cərimələndikdən sonra dərs çıxara bilirlər.
Eləcə də valideynlərin diqqətsizliyi, məsuliyyətsizliyi və qayda pozması uşaqların ölümü ilə nəticələnir. Statistika da göstərir ki, bir çox hadisələrdə azyaşlılar məhz valideynlərinin yanında olduğu halda belə yol-nəqliyyat hadisəsinin qurbanına çevrilirlər. Biz mütəmadi olaraq azyaşlı uşaqlara yol hərəkəti qaydalarını izah edirik. Valideynin səhvinə görə azyaşlı həyatını itirirsə, məncə, bu, cəmiyyət, dövlət və həmin valideyn üçün ağır faciədir".
Qeyd edək ki, videogörüntülərdəki yol-nəqliyyat hadisələri müvafiq olaraq paytaxtın "Gənclik" və "İçərişəhər" metrostansiyaları yaxınlığında, eləcə də Mərdəkan şosesi ərazilərində qeydə alınıb.
Ani məsuliyyətsizlik ölümlə nəticələnir: Piyadavurmalarla bağlı dəhşətli kadrlar
Könül Cəfərli