Astarada keçirilən əməliyyat zamanı axtarışda olan, əvvəllər beş dəfə məhkum edilmiş silahlı şəxs polislər tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Astara rayon sakini, 1978-ci il təvəllüdlü Qurban Fərhad oğlu Ağayevin qeydiyyatda olduğu evdə gizləndiyi, mənzilində və üzərində odlu silah, döyüş sursatı olması ilə bağlı polisə məlumat daxil olub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Q.Ağayevin üzərindən "SUR M9" markalı tapança, həmin silaha aid yeddi ədəd patron, qeydiyyatda olduğu ünvandan isə ümumilikdə 340 qram metamfetamin və marixuana, 100 ədəd metadon həbi, bir ədəd qanunsuz saxlanılan ov tüfəngi, həmin silaha aid səkkiz ədəd patron, əlavə olaraq içərisində yeddi ədəd patron olan tapança darağı aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə Q.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Astarada axtarışda olan silahlı şəxs polislər tərəfindən saxlanılıb
Rəylər