Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rəşad Nəsirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 8 may 2024-cü il tarixində saat 11 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, Rəşad Nəsirov oğlunun sancılanması ilə əlaqədar sözügedən xəstəxanaya müraciət edib. O, Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi, zərərçəkmiş Fariz Quliyevə (soyadı şərti) yaxınlaşaraq oğluna tibbi yardım göstərilməsini istəyib. Həkim isə növbənin çox olduğunu və gözləməsini bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra Rəşad zərərçəkmiş şəxsin burun nahiyəsinə qəsdən yumruqla bir zərbə endirib. Nəticədə həkim sol burun sümüyünün yerdəyişməyən sınığından ibarət dərəcədə xəsarət alıb. Hadisədən sonra Rəşad Nəsirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirib və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Rəylər