Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Oxu.Az DİN-ə istinadən xəbər verir ki nəticədə müxtəlif ölkələrin vətəndaşı olan daha 25 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar.
Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
Qeyd edilib ki, DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.
Bakıda qanunsuz miqrasiyaya qarşı ƏMƏLİYYAT - Saxlanılanlar var
Rəylər