2013-cü il martın 30-u səhər saat beş radələrində daxil olan məlumat əsasında Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları Çingiz Mustafayev və Zülfü Adıgözəlov küçələrinin kəsişməsində, səkidə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İsmayıl Zeynalovun meyiti aşkar edilib. Hadisə yerinə rayon prokurorluğu əməkdaşları ilə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib. Gödəkçəsinin yan cibindən şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, üzərində “Mercedes-Benz” markasının loqosu olan avtomobil açarı tapılıb. İlkin olaraq onun qəflətən vəfat etməsi və üzərində zorakılıq əlamətlərinin olmaması bildirilib.
Lakin bir müddətdən sonra ekskumasiya məqsədi ilə onun meyiti qəbirdən çıxarılıb. Təkrar məhkəmə-tibbi ekspertizası zamanı çürümə fonunda Zeynalovun boyununun yuxarı hissəsində sıyrıq, həmçinin bədənin digər nahiyələrində qançırların olması müəyyən edilib. Ekspertizanın rəyinə görə, əslində onun ölümünə boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.
Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanılan cinayət işi bir neçə aydan sonra Bakı şəhər prokurorluğuna göndərilib.
Doqquz ildən sonra, 2022-ci il iyulun 8-də Baş Prokurorluq məlumat yayıb ki, 2013-cü il martın 30-da qətlə yetirilən İsmayıl Zeynalovun faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə mayın 23-də Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Zaur Sadıqov cəlb olunub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, martın 29-da Zaur Sadıqov tanışları İsmayıl Zeynalov və Alik Bədirovla, sonuncunun yaşadığı Nizami rayonu, Elşən Süleymanov küçəsi, 112 ünvanında narkotik vasitə - heroin qəbul ediblər. Saat 23 radələrində Bədirovun mənzilindən çıxıb, ona məxsus avtomobilə oturduqdan sonra, aldıqları narkotik maddənin artıq qalmış hissəsini ondan gizlətməsini Zeynalova irad tutarkən, aralarında mübahisə yaranıb. İsmayıl söyüş söydüyünə görə Zaur idarə etdiyi nəqliyyat vasitəsini R.Rüstəmov küçəsində yerləşən bir saylı uşaq evinin qarşısında saxlayıb. Avtomobildən düşmək istəyən tanışının bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub. Ardınca kürəyini oturacağa sıxıb, sağ əlinin iki barmağı ilə İsmayılın boğazını sıxıb. Zeynaov əlləri və ayaqları ilə çırpınıb, qalxmaq istəsə də, buna imkan verməyərək, onu öldürüb.
Mərhumu maşının ön sərnişin oturacağına uzadaraq, hərəkətini davam etdirib. Martın 30-u gecə saat 2 radələrində Nəriman Nərimanov heykəlinin qarşısından keçərək, Zülfü Adıgözəlov və Çingiz Mustafayev küçələrinin kəsişməsinə çatıb. Narkotik vasitənin doza həddini aşması səbəbindən İsmayılın ölməsi görüntüsünü yaratmaqdan ötrü, onu maşından çıxararaq, sürüyüb.
Bu zaman gödəkcəsi və köynəyi Zeynalovun əynindən çıxıb. Vaxt itirməməsi üçün yalnız gödəkcəni yenidən əyninə geyindirib, onu uzanıqlı şəkildə küçədə qoyaraq hadisə yerindən uzaqlaşıb. Zərərçəkmişə məxsus iki ədəd mobil telefonu və köynəyi istintaqla müəyyən edilməyən yerlərə ataraq törətdiyi cinayətin izlərini məhv edib.
İş üzrə dindirilmiş Zaur Sadıqov 2013-cü il martın 29-u saat 21 radələrində tanışı İsmayıl Zeynalova zəng edərək, narkotik vasitə qəbul etmək istədiyini bildirib. Tanışına onu Şahmat məktəbinin qarşısında gözləyəcəyini deyib:
“Danışandan bir az sonra mikrorayona müştəri apardım, geri qayıdanda həmin yerdə İsmayılın dayandığını gördüm. Tanışım maaş aldığını və hardan heroin tapa biləcəyimizi soruşdu. Mən də əvvəllər birlikdə narkotik istifadə etdiyim Nizami rayonunda, Elşən Süleymanov küçəsində qonşum olmuş Alik Bədirova zəng edərək, heroin təşkil etməsini xahiş etdim. Alik narkotik maddə tapacağını bildirəndən sonra, “Hyundai Accent” markalı avtomobilimlə 8-ci km. qəsəbəsinə yollandıq. Köhnə məhəlləmə çatıb, blokun qarşısında dayanan Alikə 30 manat pul verdik. Bizə gözləməyimizi deyən şəxs, yarım saatdan sonra geri qayıtdı. Alikin təklifi ilə 3-cü mərtəbədə yerləşən mənzilinə qalxdıq. Evdə köhnə qonşumun anasından başqa heç kim yox idi. Alik aldığı narkotik vasitəni ampulaya tökərək, qızdırdı və hər üçümüz heroini iynəyə çəkərək, inyeksiya yolu ilə damarımıza vurduq. İsmayıl Aliklə sağollaşaraq, ayaqqabılarını geyinib bloka çıxdı. Bu zaman Alik mənə, daha bir dəfə istifadə üçün heroin qaldığını və onu İsmayıla verdiyini dedi. Mənzildən çıxıb, avtomobilimə əyləşdik. Yol gedərkən, İsmayıla, nəyə görə Alikin verdiyi heroin barədə heç nə danışmadığını və bunu məndən gizlətdiyini soruşdum. Cavab olaraq, tanışım narkotik vasitənin pulunu özü verdiyini, yaxşı elədiyini bildirdi. Nizami rayon icra hakimiyyətinin arxasından keçəndə, İsmayılın söyüş söyməsi mənə pis təsir etdiyindən, maşını saxladım. Düşüb, sərnişin qapısına yaxınlaşdım. Bu zaman İsmayıl qapını açdı və üzünü mənə tərəf çevirdi. Tanışım anamı söyən kimi, qarın nahiyəsinə təpiklə iki dəfə möhkəm zərbə vurdum. Ardınca əllərimlə boğazından tutub sıxaraq, onu boğmağa başladım”.
Avtomobilin yanından keçən tanımadığı oğlana yalandan, maşında uzanmış şəxsin özünü pis hiss etdiyini söyləyib və tanışını qabaq sərnişin oturacağına uzatmaq üçün ona kömək etməsini xahiş edib. Kömək etdiyinə görə ona təşəkkür edib:
“Martın 30-u gecə bir radələrində Yasamal rayonunda, Cəfərov qardaşları, bir ünvanında kirayədə yaşadığım evə gəldim. Təxminən bir saata evdən çıxanda, anama avtomobili dayanacaqda saxlayıb, gələcəyimi dedim. Maşını idarə edərək, Mustafayevlə Adıgözəlov küçələrinin kəsişməsinə, İsmayılın bacısı ilə yaşadığı evin yaxınlığına gəldim. Ətrafa nəzər yetirib, heç kimin olmadığını gördüm. Meyiti arxa tərəfdən, çiyinlərinin altından tutub dartaraq salondan çıxartdım. Təxminən iki metr sürüyərək, cəsədi səkinin kənarında yerə uzatdım. Gödəkçəsini əyninə geyindirdim, köynəyi avtomobilin arxa oturacağında qaldı. Sonra evə qayıtdım. Hadisə barədə heç kimə məlumat vermədim. Növbəti gün mərhumun köynəyini və telefonlarını müxtəlif yerlərə tulladım. iki aydan sonra Alikin evində olanda, ona heroin qəbul etdiyimiz gecə İsmayılı boğub, öldürdüyümü bildirdim. Qonşum da, cinayətin üstü açıldığı təqdirdə, məndən, evində narkotik maddə istifadə etdiyimizi deməməyimi xahiş etdi.
Həmin ilin iyun ayında Bakı şəhər prokurorluğuna dəvət olundum. İsmayıl Zeynalovun ölümü ilə bağlı dindirilərkən, yalan ifadə verdim. İfadəmdə martın 29-da İsmayılı Nərimanov heykəlinin yaxınlığında düşürdərək, çıxıb evimə getdiyimi göstərərək, törətdiyim cinayəti gizlətdim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban Zeynalova ifadəsində göstərib ki, qardaşı onunla birgə yaşayıb, heç vaxt narkotik vasitələrdən istifadə etməyib:
“2013-cü il martın 29-da qardaşım işə getdi və geri qayıtmadı. Səhərisi gün məhəllə meyiti aşkar edildi. Morqda olanda, onun boğazında və digər nahiyyələrində barmaq izləri gördüm. Ekspertizanın rəyinə görə, onu boğub öldürüblər. Zaur Sadıqovu əvvəllər görməmişəm”.
Şahid qismində dindirilmiş Rövşən Quliyev bildirib ki, martın 30-u saat Dradələrində siqaret almaqdan ötrü küçəyə çıxıb:
“Çingiz Mustafayev küçəsinə çatmağa az qalmış, mağazanın qarşısında arxası üstə uzanmış bir kişini gördüm. Ona yaxınlaşmadım, öldüyünü zənn etdiyimə görə mobil telefonumdan DİN 102 xidmətinə zəng vurub bu barədə məlumat verdim. Təxminən beş dəqiqədən sonra polis əməkdaşları xidməti avtomaşınla əraziyə gəldilər. İki gündən sonra ölən şəxsin əvvəllər Mənzil İstismar sahəsində işləyən Mehriban Zeynalovanın qardaşı olmasını bildim”.
Şahid Vidadi Əbdülrəhimov bildirib ki, Zaur Sadıqov onun kimi taksi fəaliyyəti ilə məşğul olub:
“Şahmat məktəbinin yanında dayanıb müştəri gözləyirdik. Martın 29-da İsmayıl Zeyanalov yaxınlaşıb Zaurun harda olduğunu soruşanda, Zaurun bir azdan gələcəyini dedim. 10 dəqiqədən sonra Zaur qayıtdı və İsmayılla birlikdə harasa getdilər. May ayında prokurorluğa çağırılanda Zaur Sadıqov məndən, guya həmin axşam Azərbaycan prospektində İsmayıl Zeynalovu avtomobilinə mindirərək, Nərimanov heykəlinin yanına aparıb, geri qayıtması barədə ifadə verməyimi xahiş etdi. Mən də bir yerdə işlədiyimiz üçün, onun hər hansı problemlə üzləşməsini istəmədim və müstəntiqə yalan ifadə verdim. Əslində, həmin gecə Sadıqov müştəri gözlədiyimiz yerə qayıtmadı. Onun adam öldürdüyünü bilmirdim”.
Şahid Akif Abışov bildirib ki, 2000-ci ildə Şəki rayonundan işləmək məqsədi ilə Bakıya gəlib:
“Daimi yaşayış yerim olmadığından “Sovetski” adlanan ərazidə sökülmüş binalarda gecələyirdim. Zaur Sadıqovla 2017-ci ildə tanış olmuşuq. Zaur Yasamalda, kirayədə anası ilə birlikdə yaşayırdı. 2022-ci ilin mart ayında “İçərişəhər” metrosunun yanında görüşdük, “Sovetski”yə gəldik və Zaurun gətirdiyi narkotik vasitəni ineksiya yolu ilə qollarımıza vurduq. Oturub söhbət edərkən, tanışım doqquz il əvvəl mübahisə zamanı dostu İsmayıl Zeynalovu boğub öldürdüyünü bildirdi. Həmin cinayəti dəqiq harda törətdiyini, bu illər ərzində məsuliyyətdən necə yayınması haqda heç nə danışmadı. Zaur Sadıqovun ağır cinayət törətməsi haqda heç kimə, o cümlədən polisə məlumat vermədim. Çünki, bunun həqiqət olmasına inanmırdım”.
Məhkəmə iclasında Zaur Sadıqov ittiham üzrə özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi qardaşını qətlə yetirən şəxsin cəzalandırılmasını istəyib.
Məhkəmə hesab edib ki, sözügedən cinayət əməli Zaur Sadıqov tərəfindən törədilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyası həddində, təqsirli bilinib cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Sadıqov doqquz il altı ay müddətinə azadlıqdan məhrum olunub.
Rəylər