Bakıda şirkətlərin birində həyat yoldaşının sevgilisini döyən qadına hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, 1984-cü ildə Bakı şəhərində anadan olmuş M.N. adlı qadın Bakıda fəaliyyət göstərən şirkətlərin birinin ofisində A.N. adlı qadını döydüyü üçün saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb.
M.N.-in A.N.-i qısqanclıq səbəbindən döyməsi məlum olub. Belə ki, M.N.-in Elnur adlı həyat yoldaşı ilə A.N. arasında sevgi münasibəti olub.
Qadın onların münasibətlərini yekunlaşdırmaq üçün bıçaq götürərək şirkətə gedib. Onlar arasında əvvəlcə mübahisə olub və daha sonra M.N. əli ilə sonuncunun bilək nahiyəsindən dartaraq, ona xəsarət yetirib. Nəticədə zərərçəkmişin sağlamlığına yüngül zərər dəyib.
İddia olunur ki, dava məşhur iş adamı Aqibət Məmmədovun rəhbərlik etdiyi şirkətdə baş verib. Təqsirləndirilən şəxs A.N.-i ərindən ayırmaq üçün əvvəlcə iş adamı Aqibət Məmmədovun kabinetinə şikayətə gedib. Orada N.B. adlı bir xanım onu içəri daxil olmağa qoymayıb. Bundan sonra hadisə baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə A.N.-ə xəsarət yetirmədiyini deyib. Sonuncu isə 2022-ci ildən M.N.-in həyat yoldaşı ilə münasibətlərini yekunlaşdırdığını bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən qadın Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1000 manat cərimə cəzası təyin edilib. M.N., həmçinin mənəvi zərərə görə A.N.-ə 638 manat təzminat ödəyəcək.