Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rauf Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Nizami Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rauf Həsənov məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, hadisə 17 aprel 2023-ci il tarixdə, saat 17:30-də Nizami rayonu ərazisində yerləşən "8-ci km" bazarında qeydə alınıb.
Belə ki, Rauf Həsənov qayınatası, zərərçəkmiş Mahir Əkbərova (şərti) yaxınlaşaraq evdən küsüb gedən arvadının yerini öyrənməyə çalışıb. Lakin qayınatası ona bu barədə məlumat verməyib. Rauf da mağazadan götürdüyü döşəməsilən taxtanı zərərçəkmiş şəxsin baş nahiyəsinə qəsdən vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Rauf Həsənov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.
Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, Nizami Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib, məhkumun əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsinə tövsif edilib və ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Ali Məhkəmə isə kassasiya protestini təmin edib, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və cinayət işini apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edib.
Rəylər