Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs Natiq Nüsrətzadənin məhkəməsinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkən qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC tanınıb. Təqsirləndirilən şəxsin vəkili Əfqan Həsənov çıxış edərək bildirib ki, Natiq Məzahir oğlu Nüsrətzadə işlədiyi banka vurmuş ziyanın bir hissəsini ödəyib, qalan ziyanı da ödəmək niyyətindədir. Onun ilk məhkumluğunu, əməlindən səmimi peşman olmağını nəzərə alaraq Natiq Nüsrətzadəyə aşağı cəza verməyi xahiş edib. Təqsirləndirilən şəxs Natiq Nüsrətzadə də əməlindən səmimi peşman olduğunu bildirərək ona aşağı cəza verilməsini istəyib.
Çıxışlar bitdikdən sonra hakim müşavirəyə gedib və hökm elan olunub. Hökmə əsasən, polisin nəzarəti altında olan Natiq Nüsrətzadə 6 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Qeyd edək ki, Natiq Nüsrətzadə "Azərbaycan Beynəlxalq Bankı"nda nəqliyyat departamentinin müdiri vəzifəsində işləyib. O, işlədiyi dövrdə bankın 48 min manatını mənimsəyib, həmin ziyandan isə cəmi 21 min manatı geri qaytarıb.
Rəylər