Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə Hidayətov Zöhrab Raqub oğlu, Elvin Valeh oğlu Şirinov və Qaçqın Şura oğlu Hümbətovun məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumarına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. İttiham olunanlar barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses noyabrın 7-nə təyin olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar.
DTX-də aparılan istintaqla müəyyən edilib ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.
Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur. Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, "kiçik bir torpaq sahəsi belə olmayan" 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi. Məhkəmə baxışında olan iş üzrə isə Elvin Şirinovun adı əvvəllər heç yerdə keçməyən, hazırda həbsdə olan digər təqsirləndirilən Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. Belə maxinasiyaların pul vəsaitlərinin ölkədən başqa ad altında çıxarılması - məsələn, alınan "kənd təsərrüfatı məhsulları" formasında çıxarılması və geri qaytarılmaması məqsədləri ilə bağlı olduğu məlumdur.
Rəylər