Mart ayında Şirvan sakini Bahar Qasımovanın "Stimul Hospital"da vəfat etməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda aparılan araşdırma yekunlaşıb.
"Qafqazinfo"nun məlumatına görə, mərhumun oğlu, jurnalist Fərahim Qasımov bildirib ki, prokurorluq ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarıb.
F.Qasımov düşünür ki, araşdırma materiallarında həkim və tibb işçilərinin ifadələri arasında çoxsaylı uyğunsuzluq var. O, klinikanın hadisəyə aid kamera görüntülərini də təqdim etmədiyini, həmçinin sənədlərə sonradan anasının başqa xəstəlikdən əziyyət çəkməsinə dair həkim rəyinin əlavə edildiyini bildirib: "Anama sonradan uydurma timoma xəstəliyi diaqnozu qoyaraq ölümündə adı keçən şəxsləri məsuliyyətdən xilas etməyə çalışıblar".
Xatırladaq ki, hadisədən sonra "Stimul Hospital" Bahar Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yaymışdı və məlumatda timoma xəstəliyi diaqnozu qeyd edilməmişdi. Tibb müəssisəsindən bildirilmişdi ki, 1967-ci il təvəllüdlü xəstə martın 7-də ürəkbulanma, tək-tək qusma, göbəkaltı nahiyədə ağrılar və arıqlama şikayətləri ilə hospitala müraciət edib: "Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb".