Şəki Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Mirzəzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elçin Mirzəzadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü il sentyabrın 30-da İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Elçin Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Rəylər