Kürdəmir rayonunda 1981-ci il təvəllüdlü Valeh pul borcu üstündə yaranan münaqişə zamanı həmyerlisi Qorxmazı bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib.
Valeh sərxoş vəziyyətdə kənd ərazisində yerləşən mağazalardan birinə gələrək orada Qorxmazın əvvəldən aldığı ərzaq mallarına görə borclu qaldığı 40 manat pulu ödəmədiyi halda yenidən nisyə spirtli içki araq istəyib.
Lakin Qorxmaz ona aldığı mallara görə borclu olduğunu və borcu qaytardıqdan sonra araq verə biləcəyini dedikdə israrla öz niyyətinə nail olmaqdan ötrü onu nalayiq söyüşlərlə söyüb.
Valeh aralarında mübahisə yarandıqdan sonra yaşadığı evə gedib və oradan özünə məxsus təyinatı istintaqa məlum olmayan bir ədəd bıçağı götürməklə yenidən Qorxmaza məxsus mağazaya gəlib.
O, özündə olan bıçaqla Qorxmazın qarın nahiyyəsindən bir dəfə qəsdən zərbə vurub.
Hadisəni törədən Valehin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Kürdəmir rayonunda yaşayır, fəhləliklə məşğuldur:
“Zərərçəkmiş Qorxmazı həmkəndlim kimi tanıyıram. Qorxmaz Yenikənd kəndində işlətdiyi ərzaq mağazasından alış-veriş etmişəm. Ona 48 manat borcum qalıb. 28 oktyabr 2022-ci ildə fəhlə kimi işləyib 10 manat pul qazandım. Bu pula başqa bir mağazadan araq alıb evdə içdim. Sonra Qorxmazın mağazasına gedərək nisyə araq almaq istədim. Borcum olduğu üçün Qorxmaz mənə araq vermədi. Aramızda mübahisə baş verdi. Qorxmaz məni söydü. Bundan qəzəbləndim. Mən də Qorxmazı söydüm. Hirsim soyumadığından Qorxmazı bıçaqla vurmaq qərarına gəldim. Yaşadığı evə gedib özümə məxsus mətbəx bıçağını götürərək Qorxmazın mağazasına qayıtdım. Qorxmazın qarnından bıçaqla bir neçə dəfə zərbə vurdum. Hadisə yerindən uzaqlaşdım. Bıçağı su kanalına atdım. Təxminən bir saatdan sonra mağazadan bir qədər aralı polis əməkdaşları tərəfindən tutuldum”.
İş üzrə zərərçəkmiş Qorxmazın sözlərinə görə, Kürdəmir rayonu Yenikənd kəndində ərzaq mağazası işlədir:
“Həmkəndlim Valeh əvvəllər aldığı ərzaq məhsullarından 40 manat borcu qalıb. Hadisə günü, saat 17 radələrində Valeh mağazaya gələrək məndən nisyə araq istədi. Lakin borcu olduğu üçün ona araq vermədim. Aramızda mübahisə baş verdi. Bir-birimizə nalayiq sözlər dedik. Valeh harasa getdi. Təxminən 10 dəqiqə sonra Valeh mağazaya qayıtdı. Onun arxasınca tanışı Səməndər də mağazaya daxil oldu.
Valeh piştaxtanın arxasına keçərək mənə yaxınlaşdı və əlindəki bıçaqla qarnımdan bir dəfə vurdu. Hadisə vaxtı yanımızda olan Səməndər Valehə əsəbləşərək ona mane oldu. Valeh mənə ikinci zərbəni vura bilmədi və mağazadan getdi. Sonra mağazaya Amil daxil oldu. Hadisədən sonra arvadı mağazaya gəldi və məni xəstəxanaya apardılar. Orada bir neçə gün stasionar şəraitdə müalicə aldım”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Valeh 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
O, ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, ailədə ondan başqa işləyənin olmamasını nəzərə alıb, barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.
Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.
İş hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən işdə araşdırılıb.
Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib.
Qərara görə, Valehin şikayəti qismən təmin edilib. Onun cəzası 6 il 6 aya endirilib.
Rəylər