Azərbaycanda falçı kişi işlərini asan yolla həll etmək məqsədilə ona müraciət edən həkim-kardioloqun başına oyun açıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı və Quba rayonlarında yerləşən evlərini satmaqda çətinlik çəkən kardioloq xanım tanışlarının məsləhəti ilə falçıya üz tutub. Onu inandırıblar ki, Astaranın dağ kəndində yaşayan Alim adlı falçı bağlı yolları açmaqda, hər cür problemlərin həllində və şər qüvvələri insandan uzaqlaşdırmaqda mahirdir.
İstintaq materiallarında yazılıb ki, tanışlarının dediklərini sınamaq qərarına gələn həkim falçı Alimə üz tutub. Falçı elə ilk söhbətində həkim xanımı vahiməyə salıb. Guya Alim zərərçəkmişin oğlunun gələcəkdə bədbəxt hadisə nəticəsində bıçaqlanacağını görüb. O, gözlənilən bədbəxt hadisənin qarşısını almaq və evlərin satılması üçün yol açmaq adı ilə zərərçəkmişdən ayrı-ayrı vaxtlarda 22 min manat pul alıb.
Uzun müddət falçının dediklərini edən qadın aldadıldığının fərqinə bir ildən sonra varıb. Onun şikayəti əsasında Alim Əliyev cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Məhkəmə ziyanı ödəməsi üçün şans verib, barəsində "ev dustaqlığı" qətimkan tədbiri seçilib.
Hazırda cinayət işini Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova araşdırır.
Anket məlumatlarından görünür ki, A.Əliyev ali təhsillidir, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirib.
Məhkəmədə zərərçəkmiş həkim falçının başına gətirdikləri haqqında danışıb. Qadının sözlərinə görə, evin satışı ilə bağlı 10 gün təqsirləndirilən şəxslə birgə Bakıdan Qubaya gedib. İnanırmış ki, falçı evin "bəxtini açır":
"Özü də səhər saat 5-də şəhərdən çıxırdıq. O boyda yolu gedirdik, çatan kimi həyətdə fırlanırdı. Quran açırdı. Deyirdi ki, şər qüvvələri götürəcək, evin bəxti açılacaq. Nə bilim, gah deyirdi, evin yolları bağlıdır, gah deyirdi, görünməz qüvvələr evin satışına icazə vermir. Nə isə, 10 dəfə bunu götürüb Qubaya apardım. Amma heç bir nəticə olmadı. Sonuncu dəfə telefonla əlaqə yaratdıq. Mənə başına şal bağlanmış şəklini atdı, dedi, bu dəqiqə sənin işini həll edirəm. Hissə-hissə ümumilikdə 22 min manat verdim. Həmin pulu istəyirəm".
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədiyini deyib. Dediyinə görə, ona ilahidən vəhy gəlir, Quranda gördüklərini insanlara deyir. O, zərərçəkmişi aldatmadığını, əksinə, bağlı yollarını açdığını bildirib.
Falçı müttəhimin dedikləri hakimi təəccübləndirib:
"Nə danışırsınız siz?! Deyirsiniz, mənə vəhy gəldi ki, zərərçəkmişin oğlu bıçaqlanacaq və ya şər qüvvələri təmizləməsəniz, evi sata bilməyəcək. Belə şey olar?"
"Məhkəmə zalındayıq deyə vəhy gəlmir, yoxsa ilahi gücümü əyani göstərərdim", - deyə falçı müttəhim hakimə cavab verib.
Hakim falçıya zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini tapşırıb. Hakim qanunun tələbini izah etdikdən, ziyan ödənilməsə, təqsirli bilindiyi halda onu gözləyən cəzanı dedikdən sonra o, iki iclas sonra aldığı pulun hamısını zərərçəkmişə ödəyib.
Qarşıdakı iclaslarda bu iş üzrə qərar elan ediləcək. Zərərçəkmişə dəymiş ziyan və rüsum ödənildiyi üçün cinayət işinə xitam verilə bilər.
Rəylər