“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Nadir Əliyev ifadə verib.
O bildirib ki, 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri olub.
Nadir Əliyev ifadəsində onunla birlikdə müttəhimlər kürsüsündə əyləşən Alik Həsənovu ittiham edib. Deyib ki, stadion ərazisinin satılmasından, zərərçəkmiş şəxslərdən pul alınmasından xəbəri olmayıb, pulları Alik Həsənov alıb. Zərərçəkmiş Rauf İsmayılovdan 900 min manatı da Alik Həsənov alıb:
“Sonradan Rauf İsmayılov mənim yanıma gəldi. Söhbət zamanı məlum oldu ki, pulları ondan Alik Həsənov alıb. Alikə zəng etdim, harada olduğunu soruşdum. Dedi, xəstəxanadayam. Sonra söhbəti dəyişdi, görüşə gəlməkdən yayınmağa başladı. Hər dəfə bir bəhanə gətirdi”.
Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, bu cinayət işinin başlanması bir oyun olub: “Bu, mənə və rəhbərliyimə qarşı qurulan bir plan idi. Məqsəd bizə qarşı cinayət işini başlamaq, bizi həbs etmək idi”.
Nadir Əliyev deyib ki, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının balansında olan stadionların satılması ilə bağlı sərəncam olub. Bununla bağlı sahibkarlarla danışıqlar aparılıb, bütün qərar və sərəncamları rəhbərlik verib.
Nadir Əliyev qeyd edib ki, Yasamal rayonunda yerləşən və 1,26 hektar torpaq sahəsi olan “Məhsul” stadionu vəzifədə olduğu dövrdə sahibkarlara satılıb. Stadion ərazisinin satılması üçün qərarı rəhbərlik verib. Bu işlədən xəbəri olmayıb, heç bir təqsiri yoxdur: “Bütün işləri Alik Həsənov görüb. Onun qanunsuz hərəkətlərindən mən xəbər tutdum və rəhbərliyə məruzə etdim. Bundan sonra Alik Həsənov işdən çıxarıldı”.
Zərərçəkmiş Rauf İsmayılov bildirib ki, şifahi qaydada razılaşdırılmış vəsaiti ödədikdən bir müddət sonra sənədləşmə prosesinin ləngidiyini görüb: “Bundan narahat oldum. Nadir Əliyevlə bir neçə dəfə görüşdüm. Sonuncu görüşdə Nadir Əliyev məni inandırdı ki, məsələ həllini tapacaq. Dedi ki, sənədləşmədə heç bir problem yoxdur. Məsələ rəhbərliyə məruzə edilib. Sənədləşmə hazır olan kimi sizə xəbər edəcəyik, gəlib sənədi götürərsiniz”.
Digər zərərçəkmiş Yusif Vəlixanov da çıxışında deyib ki, Rauf İsmayılovun Nadir Əliyevlə görüşlərindən xəbərdar olub: “Bizdən bir nəfər nümayəndə gedib Nadir Əliyevlə görüşməsi təklif olundu. Biz də Rauf müəllimi seçdik. Rauf müəllim Nadir Əliyevlə görüşdən qayındada gülə-gülə dedi ki, məsələ həll olunub, bizdən pulları Alik Həsənov alıb və rəhbərliyə çatdırıb. Biz də arxayın olduq ki, sənədlərimiz düzələcək. Amma əksinə oldu. İndi burada vicdanları varsa, düzünü danışsınlar”.
Bu zaman Nadir Əliyev “mənim vicdanım təmizdir” deyə zərərçəkmişə cavab verib. Bildirib ki, istintaq dövründə də sərəncamların rəhbərliyin verdiyini deyib, amma işlərin başında rəhbərliyin dayandığını gizlədib.
Vəkillərin suallarını cavablandıran Nadir Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib. Bildirib ki, zərərçəkmiş Elçin Rüstəmovdan aldığı pulu konfederasiyanın rəhbərinə çatdırması barədə ibtidai istintaqa verdiyi etirafedici ifadəsi təzyiq altında olub.
Bu səbəbdən vəkillər Nadir Əliyevin ibtidai istintaq zamanı verdiyi ifadələrinin elan olunmasını istəyiblər. Hakim bildirib ki, növbəti iclasda Nadir Əliyevin ifadələri elan olunacaq.
Nadir Əliyev həmçinin məhkəmədə deyib ki, konfederasiyasının balansında olan bütün stadionlar bankda girovdadır. Stadionları banka Elçin Rüstəmov girov qoyub.
Daha sonra Alik Həsənovun vəkili Nadir Əliyevin sahibkarlara qarşı dələduzluq faktında birbaşa rol oynadığını sübut edən səsyazısının olduğunu deyib. Vəkil səsyazısının dinlənilməsi barədə vəsatət verib.
Hakim vəsatətin baxılmamış saxlanılması barədə qərarı açıqlayıb. Deyib ki, növbəti prosesdə Nadir Əliyevin ifadəsi elan olunduqdan sonra həmin səsyazısının dinlənilməsi məsələsi müzakirə oluna bilər.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Yasamal rayonu ərazisində - metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunun direktoru Alik Həsənov həbs olunub. O, stadion ərazisini satmaq adıyla sahibkarları aldatmaqda ittiham olunur.
Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionu “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olub. Alik Həsənov klubun direktoru vəzifəsini tutub.
Alik Həsənovla birlikdə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev də həbs edilib. İddia olunur ki, onlar sahibkarları birlikdə aldadıblar.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.
Bundan başqa, Alik Həsənovun özünün ayrıca daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.
Rəylər