Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və üzərində tapança gəzdirən 34 yaşlı Nicat Cəfərov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq cinayətlərinə görə dəfələrlə məhkum edilmiş həmin şəxsdən "Makarov" markalı tapança götürülüb.
Davam etdirilən tədbirlərlə N.Cəfərovun rayonun Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün ada hissəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə kolu, gübrə və yaşayış üçün vacib olan digər vasitələr aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və qayıq vasitəsilə həmin yerə gedərək aqrotexniki qulluq göstərdiyini bildirib. N.Cəfərov ərazini kənardan müşahidə etmək üçün orada xüsusi günəş panelli videokameralar da quraşdırıb.
Məhkəmənin qərarı ilə N.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şəkidə göldə çətənə kolu yetişdirən şəxs saxlanıldı