Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Akif Quliyev ifadə verib.
Şahid təqsirləndirilən şəxslərlə aralarında şəxsi ədavətin olduğunu bildirib. A.Quliyev ifadəsində Gülüstan İsayevanın ondan 1000 manat rüşvət istədiyini bildirib:
”Səbuhi İsayev Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda mənim hesabıma işə qəbul edildi. Mən direktor Maisə xanımın qəbuluna girib xahiş etdim ki, Səbuhini işə götürsün. 2022-ci ilin may ayına qədər aramız yaxşı olub. Ekspedisiyaya getməmişdən əvvəl Gülüstan xanım məndən 1000 manat tələb etdi. Soruşdum ki, bunu niyə verməliyəm, dedi ki, hamı verir, sən də verməlisən. Yəni bu şirinlikdir. Mən pul vermədim. Dedim ki, şikayət edəcəyəm. Bir gün Maisə xanım mənə zəng etdi ki, bəs Gülüstan xanım institutda korrupsiya hallarının araşdırılması ilə bağlı şikayət edib”.
Daha sonra şahid Akif Quliyev Gülüstan İsayevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib:
“Səbuhi ekspedisiyalarında qazıntı aparmırdı, o, kəşfiyyat işinə baxırdı. O iş üçün də cəmi 2-3 nəfər bəs edirdi. Ancaq Səbuhi İsayevin öz ekspedisiyalarına sənəd üzərində 12-13 nəfər apardığı deyilirdi. Gülüstan İsayeva vəzifəsindən istifadə edib Səbuhiyə ekspedisiya verirdi”.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Onlar bildiriblər ki, ilkin istintaq zamanı dindirilən institut əməkdaşları Səbuhi İsayevin ekspedisiyaları ilə yanaşı başqa ekspedisiyalarda da iştirak etmədiklərini, sadəcə sənəddə adlarının yazıldığını deyiblər. Vəkillər bu halın istintaq orqanı tərəfindın yenidən araşdırılmasını istəyiblər.
Hakim Azad Məcidov vəsatəti təmin edərək bildirib ki, istintaq orqanı bu məsələyə ciddi yanaşmayıb.
Proses oktyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Rəylər