Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, A.Kərimova vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il 3 ay azadlıqdan məhrum edilib.
Lakin məhkəmə xanım müttəhimin iki azyaşlı övladı olmasını və dəymiş ziyanın 100 min manatını ödəməsini nəzərə alıb. Bu səbəbdən ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi tətbiq edilib.
Qeyd edək ki, A.Kərimova 2019-cu ildən 2023-cü ilə kimi sözügedən teatrın mühasibi işləyib. Onun fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxsin qanunsuz əməli nəticəsində dövlətə 327 min manat ziyan dəyib.
İş üzrə zərərçəkmiş qismində Mədəniyyət Nazirliyi tanınıb.
Rəylər