“Toplum TV” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən - Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıblar.
APA xəbər verir ki, istintaq orqanı tərəfindən belə qərar qəbul edilib.
Təqsirləndirilən şəxslər haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
“Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində isə dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, ötən gün “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilib.
DİN-nin yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
19:06
Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib.
“Report” xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərarla Akif Qurbanov dörd ay, Ramil Babayev dörd ay, İlkin Əmrahov isə dörd ay müddətə həbs olunublar.
Qeyd edək ki, martın altısında sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Rəylər