Yaponiyada dənizdə istirahət planları çinli qadın üçün həyatının ən qorxulu hadisəsinə çevrilib. Belə ki, çimərkən axına düşən 21 yaşlı qız günyarım dənizin ortasında tənha qalıb.
Oxu.Az-ın "The Guardian" nəşrinə istinadla xəbərinə görə, hadisə Sirahama Ohama çimərliyində baş verib.
Məlumata görə, çinli qız rəfiqəsi ilə birlikdə dənizdə güclü cərəyan axınına düşüb. Belində xilasetmə dairəsinin olması isə qadının axından çıxmasına mane olub. Rəfiqəsi də ona kömək edə bilməyib və qadın sürüklənərək gözdən itib.
Dərhal sahil mühafizəsinə məlumat verilib, axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Lakin çinli qadını tapmaq 36 saat çəkib. O, sahildən 80 km uzaqda yük gəmisi tərəfindən aşkar edilib: iki heyət üzvü dənizə tullanaraq onu xilas ediblər.
21 yaşlı gənc qız bütün bu müddət ərzində xilasetmə dairəsinin köməyi ilə suyun üzərində qala bilib.
Xilas edildikdən sonra o, xəstəxanaya aparılıb. Qadında ciddi sağlamlıq problemi aşkarlanmayıb, susuz qalmasının ona az təsir etdiyi məlum olub.