Kolumbiya polisi, Avropol və İtaliya karabinerlərinin altı aydan çox davam edən genişmiqyaslı birgə əməliyyatı nəticəsində dünyanın ən çox axtarılan narkotik tacirlərindən biri - "Hermes" ləqəbli italiyalı Qustavo Noçella Medellin şəhərində saxlanılıb. O, sevimli bilyard masasına görə aşkar edilib.
Oxu.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə Kolumbiyanın milli polis rəisi Uilyam Rene Salamanka Ramires məlumat verib.
İtalyan narkotacirin saxlanması əməliyyatı "Minerva" adlandırılıb və altı aydan çox davam edib.
"Bilyard masası növbəti İtaliya mafiyasının "xaç atası"nı ələ verdi! Biz Medellində dünyanın ən çox axtarılan narkobaronlardan biri olan italiyalı Qustavo Noçellanı tutduq", - deyə Ramires özünün sosial şəbəkə hesabından yazıb.
O, bilyard masasının "Hermes"in tutulmasına necə kömək etdiyini dəqiqləşdirməyib.
Lakin "Associated Press" öz mənbələrinə istinadla əməliyyat barədə məlumat əldə edə bilib. Bildirilib ki, narkobaron polisdən gizlənmək üçün hər üç aydan bir kirayə mənzillərini dəyişirdi, lakin hüquq-mühafizə orqanları onun hər yaşayış yerinə eyni bilyard masasını apardığını müşahidə ediblər. Xüsusi xidmət orqanları masanın hərəkətini izləyərək "Hermes"in yeni yaşayış yerini tapıblar. Narkobaron Kolumbiyanın Medellin şəhərinin ən prestijli rayonlarından biri olan "El Poblado"da lüks mənzildə saxlanılıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, o, İtaliya mafiya klanları ilə Cənubi Amerika kartelləri, xüsusən də Kolumbiya kartelləri arasında əsas əlaqələndirici olub və kokain tədarükünü Kolumbiyadan gəmi və yelkənli qayıqlarla Amsterdama, daha sonra isə Neapola daşınmasını koordinasiya edib.
Bilyard həvəsi italyan mafiyasının "xaç atası"nı ələ verdi