İyulun 20-si tanınmış kinorejissor, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür.
Oxu.Az xatırladır ki, Ramiz Əzizbəyli 1948-ci ildə Bakı şəhərində anadan olub.
M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb.
1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.
Ramiz Əzizbəyli "Qanlı zəmi" filmində "Koxa", "Bəyin oğurlanması" filmində "İsabala", "Qayınana" filmində "Dişi ağrıyan", "Qərib cinlər diyarında" "Əxras", "Köhnə bərə" filmində "Kamil", "İntizam" filmində "Babayevin tanışı", "Dərviş Parisi partladır" filmində "Nökər" rolunu oynayıb.
Ən gəlirli kino işinin rejissoru Ramiz Əzizbəylinin doğum günüdür
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti", 1 avqust 2008-ci ildə isə Azərbaycanın "Xalq artisti" fəxri adlarına layiq görülüb. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Xalq artistinin səhhətində uzun müddət problemlər olub. O, üç dəfə insult keçirib. Yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib. Koronavirusa yoluxan sənətkar Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib. Orada olduğu müddətdə infarkt keçirib.
Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə vəfat edib, Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Rəylər