Məşhur cizgi filmi qəhrəmanı "Şrek"in real prototipi var. Rəssam Uilyam Steyq "Şrek"i məhz fransız restleri Moris Tiyeyə bənzədib. Əksər insanlardan zahiri fərqlərinə baxmayaraq, qeyri-adi restler Moris Tiye də "Şrek" kimi həyatının sonuna qədər ürəyini saf və mehriban saxlaya bilib.
Moris 23 oktyabr 1903-cü ildə Rusiyada fransız mühacir ailəsində anadan olub. Atası rabitə mühəndisi, anası isə fransız dili müəllimi idi. Gözəl görünüşü ilə digər uşaqlar arasında seçildiyi üçün ona "mələk" deyirlər.
Atasını erkən itirən və 1917-ci ildə inqilabdan qaçan Moris anası ilə Fransaya qayıtmalı olub. O vaxtdan bəri 14 yaşlı Morisin xarici görünüşündə dəyişikliklər başlayır. 17 yaşında gəncin kəllə sümüyü, qolları və ayaqları deformasiyaya uğrayıb. İki ildən sonra həkimlər Morisdə akromeqaliya xəstəliyini aşkar ediblər. Zaman keçdikcə Morisin mələk sifətindən əsər-əlamət belə qalmayıb. Onun boyu 175 santimetr, çəkisi isə 122 kiloqram olub.
Moris şahmat oyununu mükəmməl bilir, beş dildə sərbəst danışırdı. Deyilənə görə, ömrünün sonunadək Tiye 12 dil öyrənibmiş. Hüquq fakültəsinə daxil olan Tiye xəstəliyinin kəskinləşməsi səbəbindən təhsilini yarımçıq qoymağa məcbur olub.
Beş il döyüş gəmisində mühəndis işlədikdən sonra Moris özünü kinoda sınamaq qərarına gəlib və bir neçə filmdə kiçik rollar alıb. Burada peşəkar yüksəliş olmadığı üçün o, kinostudiyada mühafizəçi kimi işləyib.
1937-ci ildə Moris litvaəsilli peşəkar restler Karl Pojello ilə tanış olur və o, Morisə ABŞ-yə köçüb restlinqlə məşğul olmağı şiddətlə tövsiyə edib. Bu sahədə Morisin bəxti üzünə gülüb. Restlinqlə məşğul olmaq ona 20 il ərzində çempion adını qazandırıb. Restlinq üzrə ikiqat dünya çempionu adına layiq görülən Moris uşaqlıqda ona verilən "mələk" sözünü özünə ləqəb götürüb.
Təqribən 1945-ci ildə Tiyenin xəstəliyinin fəsadları ağırlaşmağa başlayıb. Görmə qabiliyyəti zəifləyib, şiddətli miqrendən əziyyət çəkib. 1953-cü ildə rinqdə sonuncu döyüşünü keçirib və Bert Assiratiyə məğlub olub.
Tiyenin xəstəliyinin ağırlaşdığı zaman yaxın dostu və promouteri Pojellonun ağ ciyərində xərçəng xəstəliyi aşkarlanıb. 1954-cü il sentyabr ayının 4-də onun ölüm xəbərini alan Moris Tiye ürəktutması keçirib və dostundan bir neçə saat sonra vəfat edib.
Ətraflı Baku TV-nin süjetində:
Gerçək "Şrek"in qeyri-adi hekayəsi