"Qaraca qız" deyəndə gözümüzün önünə qara buruq saçlı, gözləri muncuq kimi par-par yanan, baxışları dərin, əzablar içində yaşayan, amma həyata, insanlara gülümsəyə bilən, pisliyə yaxşılıqla, şərə xeyirlə cavab verən həyat dolu bir qız gəlir. Onun taleyini ölkəmizdə bilməyən yoxdur. O, müəllifinin Süleyman Sani Axundov olduğu "Qorxulu nağıllar"dan ən kədərlisi və ən məşhuru "Qaraca qız"ın baş qəhrəmanı "Tutu"dur. Bu hekayənin əsasında 1966-cı ildə quruluşçu rejissoru Şamil Mahmudbəyov olan eyniadlı film çəkilib.
Qeyd etmək lazımdır ki, bu hekayəyə çox böyük sevgi filmdən əvvəl teatrdan yaranıb. 1948-ci ildə şair, yazıçı, Azərbaycan uşaq ədəbiyyatının parlaq siması Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmaq üçün eyniadlı pyes yazıb.
Həmin vaxtdan ölkənin bir çox teatrlarında uğurla tamaşaya qoyulan "Qaraca qız"ın tam yeni quruluşda bu il iyunun 2-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində premyerası olub.
Nizami küçəsinin teatrın önünə düşən hissəsində xeyli uşaq-böyük toplaşıb. Hər kəs tamaşaya gecikməmək üçün şəhərin tıxacını nəzərə alıb başlama vaxtından bir xeyli tez gəlib. Səs-küydən, illah da tamaşaya baxmağa səbirsizlənən uşaqların səsindən adama elə gəlir ki, Günəş də gülümsəyir. Qapılar açılan kimi bu səs-küyün həyəcan notları bir az da artır. Zala keçən uşaqlar qaynaşır, öz aralarında "Qaraca qız"ın hekayəsini müzakirə edirlər. Və nəhayət, zəng səslənir və səhnənin pərdələri açılır...
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rejissor assistentləri Sona Mikayılova, Gülnar Əlövsətqızı, rəssam Nisə Hətəmova, musiqi tərtibatçısı isə İradə Muradovadır. Bundan öncəki quruluşun (2013) rejissoru Xalq artisti mərhum Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov olmuşdu.
Hamıya çox tanış olan hekayədən danışmağa ehtiyac yoxdur. Bilirik ki, povestin əsas məğzi Azərbaycanda keçmiş zamanlarda olan təbəqələşmə - bəy, ağa, xan ailələrinin özünü üstün tutması, aşağı təbəqəni alçaltması, yaxınına buraxmaması, onlara kölə, qul kimi baxması, kasıb təbəqənin əzilməsi və bu sarıdan yaranan onlarla problemə işıq saçır. Tamaşada da bu nüanslar qabarıq şəkildə nəzərə çarpır. Eyni zamanda, uşaqların əlindən alınan xoşbəxtliyi insanı düşündürür və kədərləndirir.
Ağa qızı "Ağca"nın uşaqlığı qızıl qəfəsdə keçən bülbülü, qaraçı qızı "Tutu"nun uşaqlığı isə meşəlikdə cəh-cəh vuran, amma ovçu qəzəbinə tuş gələn bir turacı xatırladır. Kim daha çox xoşbəxtdir? Varlı, heç bir şeyə ehtiyacı olmayan "Ağca"mı, yoxsa, həyatın maddi imkanlarından məhrum, lakin sevgi ilə böyüyən, azad və hürr olan "Qaraca"mı? Bəs hansı daha fədakardır? Uşağını sevgi ilə, lakin hər bir dəbdəbədən uzaq böyüdənlərmi, yoxsa qızını ən gözəl evdə, ən savadlı mürəbbiyənin verdiyi təhsil və tərbiyə ilə, cah-calalla böyüdən valideynlərmi? Bəs bu iki təbəqənin eyni dövrdə, eyni səma altında doğulan, lakin dövrün acı qanunlarına uyğun olaraq bir yerdə böyüməyə, sevinc və şənlik işində zaman keçirməyə imkanı olmayan uşaqlar necə? Suallar çoxdur. Və həmişəki kimi "hərənin öz həqiqətləri var" deyib, suallara konkret cavab tapa bilmirik.
Tamaşada "Ağca" və "Qaraca"nın bir yerdə oynadıqları, sevinc dolu xoşbəxt anları hər iksinin ehtiyacı olan həyatının yarım qalan tərəfidir, əslində. Biri o birinin sanki yarım qalmış hissəsini tamamlayır. Onların rəqs etdikləri musiqi də uğurlu seçilib. Hətta tam dolu olan zalda uşaqların da onlarla birgə əl qaldırıb oynadığını müşahidə edirik. Uşaqlara xoşbəxtlik üçün, demək ki, sevgi, xoş münasibət, musiqi, rəqs lazımdır. Odur ki, teatrın hər iki tərəfi - həm səhnəsi, həm də tamaşaçı zalı çox xoşbəxtdir. Bircə bu əhvalı yaratmaq üçün rejissor və aktyorların nə qədər əziyyət çəkdiklərini balacalar bilmirlər. Elə bilməsələr, yaxşıdır. Onlar qoy gözəl tamaşadan zövq alsınlar.
Yeri gəlmişkən, tamaşada koreyalı ana-balanın da olduğu gözümüzdən yayınmır. Üzlərində qəribə bir həyəcan var. Uşağın gözləri dolub.
Rəqslərdən danışmışkən, musiqi tərtibatına da toxunmaq lazımdır. Qaraçı mahnıları və rəqsləri tamaşanı dolğunlaşdırmaqda az rol oynamayıb. İlk səhnələrdən qaraçıların rəngli, qırçınlı, bər-bəzəkli, allı-güllü ətəkləri musiqi sədaları altında uçuşur, mahnılar şən, coşqulu ab-hava yaradır. Tamaşaçıların da alqışları, gülüş səsləri onlara qarışır, tam bir vəhdət yaranır.
"Ağca"nın valideynlərinin geyimləri də çox gözəl seçilib. Xüsusilə də, "Ağca"nın anası və mürəbbiyəsinin libasları çox uğurludur və obrazları tamamlayır. Bütün bu sadalananların üstünə qrim və parikləri də gəlməliyik. Pastijor-qrimçilərin (parik və saqqal hazırlayan qrimçilər - red.) də işi danılmazdır. Teatr kollektiv sənətdir, hansısa bir qütbdə əskiklik, axsama olanda bu, bütün işdə özünü büruzə verir və həmin o məqam tamaşaya yamaq olur. Çox xoşdur ki, "Qaraca qız"ın səhnə həllində belə bir "yamağ"a rast gəlmədik.
Zala göz gəzdirəndə quruluşçu rejissor Cənnət Səlimova və rejissor Nofəl Vəliyevin də tamaşanı necə böyük sevgi və həyəcanla izlədiyini görürük. Onlar tamaşaya bir çimdik istilik, bir çimdik doğmalıq, bir çimdik həyat, bir çimdik tarix və qucaq dolusu sevgi qatıblar.
Bu gözəl səhnə əsərində obrazları canlandıranlar Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirovdur. Hər biri ayrı-ayrılıqda tamaşanın tamaşa olması üçün əlindən gələni edir, bütün gücünü və istedadını ortaya qoyur.
Əslində, uşaqlar üçün tamaşa qoymaq, oynamaq, onları inandırmaq daha çətindir. Çünki böyüklər tamaşaya bir gözlə, uşaqlar isə ayrı gözlə baxırlar. Böyük izlədiyi tamaşanın real olmadığını, hansısa bir əsərin səhnədə canlandırıldığını bilir və onu bir sənət əsəri kimi izləyir. Təbii ki, onların da emosiyaları, duyğuları tamaşa boyu dəyişir, o ab-havaya düşür, həyəcanlanır, gülür, ağlayır. Amma uşaqlar... Uşaq bir başqa aləmdir. Onların tamaşa izləməsi də fərqlidir. Uşaqları səhnədəkinin kim olduğuna təkcə geyimi, qrimi ilə inandırmaq mümkün deyil. Aktyor oynadığı obrazın dərisinə elə təpinməlidir ki, tam o olsun. Ancaq o zaman tamaşaçı-uşaq hekayəyə inanar, onu sevər, onunla bir yerdə anı yaşayar. Bu baxımdan, uşaq və gənclərin dost-doğması olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı tamaşanın öhdəsindən uğurla gəldi.
Və tamaşanın sonu...
Müxtəlif illərdə müxtəlif quruluşlarda və müxtəlif aktyor heyəti ilə bu tamaşanı izləmişik. Və hər dəfə eyni duyğu ixtiyarsız canımızı alır. Kaş ki bu dəfə "Qaraca qız" ölməyəydi. Kaş ki bu dəfə o, "Ağca" ilə dost olub xoşbəxt ömür yaşayaydı. Amma təəssüf, "Tutu"nun hekayəsi əvvəldən belə yazılıb. Onun Günəşlə birlikdə qüruba gedən gözlərini unutmaq mümkün deyil. Kaş bütün nağılların sonu sevinclə, xoşbəxtliklə bitəydi...
Xanım Aydın
Rəylər